“Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir. Onlar “Benfika” və “Çelsi” kimi klublarla matçlarda xal qazanıblar. Bu, rəqibin gücündən xəbər verir. Komandada bir-birinə yaxşı uyğunlaşmış, keyfiyyətli legionerlər və taktiki baxımdan nizamlı futbolçular var. Belə komandaya qarşı oynamaq bizdən böyük enerji, maksimum diqqət və intizam tələb edir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə “Qarabağ”la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Qapıçı Aleks Meret hazırda zədəlidir, amma siyahıya daxil edilib. Romelu Lukaku isə hələ də zədədən əziyyət çəkir. Bizim üçün çox vacib fiqurdur. O, bizim üçün meydanda liderimizdir. Amma Lukakunun sağlamlığı riskə atıla bilməz”.
“Napoli”nin A Seriyasının son turunda “Atalanta” üzərində qazandığı qələbəyə də münasibət bildirən Antonio Konte bu nəticənin komandaya müsbət enerji verdiyini, lakin bütün diqqətin artıq “Qarabağ”la matça yönəldiyini söyləyib:
“Atalanta”ya qalib gəlmək bizə həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir etdi. Amma artıq bu oyun keçmişdə qalıb. “Qarabağ”la görüş tam fərqli olacaq. Biz bu matça ciddi yanaşırıq. Yaxşı bilirik ki, UEFA Çempionlar Liqasında asan oyun olmur”.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

