“Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün HİK-lə görüşəcək.
“Köhlən atlar” ilk oyunda rəqibini evdə məğlub etsə də (2:1), kifayət qədər çətin görüş keçmişdi. Qapıçı Şahruddin Məhəmmədəliyev təmsilçimizi bir neçə epizodda real qoldan xilas etdi. Bütün bunlar “Qarabağ”ın səfər görüşünün heç də asan keçməyəcəyindən xəbər verir. Ağdam klubunun Finlandiyadakı matçda şanslarını dəyərləndirməsi üçün azərbaycanlı məşqçi Zaur Həşimovla əlaqə saxladıq:
“HİK-lə Bakıdakı ilk oyun çox çətin keçdi. “Qarabağ”ın qələbə qazanmasına baxmayaraq, oyun heç-heçə də bitə bilərdi. Bir top fərqi ilə üstünlük olsa da, təmsilçimizin mərhələni keçəcəyini demək olar. Rəqib kollektiv və sürətli futbol göstərən komandadır.
Son vaxtlar “Qarabağ”ın üstündə ciddi təzyiqlər var. Bu, futbolçularda və məşqçilər heyətində hiss olunur. “Rakuv” görüşündəki uğursuzluq və “Zirə” məğlubiyyəti komandaya pis təsir etmişdi. Ancaq təmsilçimiz bütün təzyiqlərə üstün gəlib HİK-i məğlub edə bildi. Mən “Qarabağ”ın növbəti tura yüksələcəyinə inanıram”.
Həşimov komandanın yeni transferlərə ehtiyacı olduğunu da bildirdi:
“Əlbəttə ki, heyət güclənməlidir. Gedən futbolçuların yerlərini doldurmaq çətin görsənir. Avrokuboklarda mübarizə aparırsansa, iki eyni səviyyəli heyətin olmalıdır. Bu baxımdan “Qarabağ” axsayır. Yeni transferlərə ehtiyyac oldugu bəllidi. Bu heyətlə qrupa düşmək çətindir. Düzdüz, komandanın təcrübəsi buna imkan verir. Ancaq güclənmək üçün hər mövqeyə səviyyəli futbolçular lazımdır. Bütün çətinliklərə baxmayaraq, ən pis halda “Qarabağı” Konfrans Liqasının qrup mərhələsində görə bilərik”.
Qeyd edə ki, “Qarabağ”ın HİK-lə səfərdəki cavab oyunu bu axşam saat 20:00-da start götürəcək. Tərəflər arasındakı Bakıdakı ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə sona çatıb.
Həsən Quluzadə

