“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
İlk öncə futbolçuları təbrik etmək istəyirəm. Həqiqətən qələbə üçün çox istəkli idilər. Baxmayaraq ki, səfərdə oynayırdıq. Hava şəraitini də nəzərə alsaq tam olaraq sürətli oyun göstərmək çətin idi. Buna baxmayaraq bu gün futbolçularım qələbə qazana bildilər.
– Komandanın oyununda tez-tez top itkiləri vardı. Bu hava şəraitindən irəli gəlir, yoxsa …?
Bəli, tez-tez topu itirirdilər. Hər işdə bir xeyir var. Oyundan öncə stadionu sulayırdılar. Suvarma sistemində problem yaranmışdı. Bundan əlavə hava şəraitinin də az da olsa rolu oldu. Ümumiyyətlə təkcə bizdə yox, rəqib komandanın heyətində də top itkiləri kifayət qədər idi.
– Mahir Mədətov yenə qol vurmağı bacardı. Gənc hücumçunun ulduz xəstəliyinə tutulacağından qorxmursunuz?
Əgər onun yaxşı formada olub, “ulduz xəstəliy”inə tutulmasını istəmiriksə siz də ona zəng etməyin, ona belə suallar verməyin. Mən həmişə demişəm, Mahirin çatışmayan cəhəti çoxdu. Ən üstün cəhəti istəkli olmasıdı.
– “Qarabağ” çempionluq yolunda inamla irəliləyir. Demək olar ki, komandanıza müqavimət göstərə bilən bir klub yoxdu. Səmimi soruşsaq, çempionatda siz komandanıza ciddi rəqib görürsünüzmü?
Bu gün Qəbələdəyik, ancaq turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə”yə baxsaq görərik ki, bu kollektiv kifayət qədər ciddi rəqibdi. Yanvar ayından bu yana onların nəinki məğlubiyyəti, heç-heçəsi belə yoxdu. Sadəcə bizə uduzublar. Yanvar ayındna bu yana ən çox xal qazanan komanda “Zirə”di. Komandanın üzvləri ilə söhbət edəndə bildirirəm ki, arxayınçılıq olsa, öz oyunumuzu itirərik. Futbolçu hər oyuna qələbə qazanmaq istəyi ilə çıxmalıdı.
– Demək olarmı ki, “Qarabağ”a ciddi rəqib yoxdu və erkən çempionsuz?
Siz məndən o sözü almaq istəyirsinizsə, bacarmayacaqsınız (gülür). Dediyim kimi, “Zirə” yanvardan bu yana ən çox xal qazanan komandadı.
– Reynaldo bu gün meydana çıxmadı. Səbəb nə idi?
Son 10 dəqiqədə meydana buraxmaq istədim. Ancaq ehtiyat elədim. Bu gün üçün əsas olan nəticə idi və bunu da qazandıq.

