İdman

Qurban Qurbanov: “Sizin sözünüzdən belə çıxır Rahid Əmirquliyevi həbsə salaq”

Azərbaycan Premyer Liqasının VIII turu çərivəsində keçirilən “İnter” – “Qarabağ” matçından sonra baş tutan ənənəvi mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib.

İdmanxeber.com-un məlumatına görə, oyunun çətin keçdiyini bildirən təcrübəli mütəxəssis qələbə qazandıqları üçün şad olduqlarını söyləyib: “Həmişə olduği kimi yenə də “İnter”ə qarşı oyunumuz çətin alındı. Şükürlər olsun ki, səbr etdik və qələbə qazanan tərəf olduq. Rəqibin futbolçuları bir-birini çox yaxşı anlayır. Bunun üçün bizə çətin oldu. Miçel 3 gün əvvəl məşq zamanı əzələsini dartmışdı. “Atletiko”ya qarşı oynayıb-oynamayacağı sual altındadı.

– Komandanızın üzvü və millimizin yeni kapitanı Rahid Əmirquliyev Almaniya ilə görüşdən öncə himnimizi oxumamışdı. Buna münasibətiniz…

– Sizin sözünüzdən belə çıxır Rahid Əmirquliyevi həbsə salaq. Açığı bu barədə düşünməmişdim. Biz onun əxlaqına çox yaxşı bələdik, hamımız onun intizamını bilirik. Rahid o futbolçulardandı ki, çox oyunçulara öz davranışları ilə nümunədi. Məncə bu futbolçulara hörmətlə yanaşmaq lazımdı. Onun himni oxumaması vətənə sevgisinin olmadığı anlamına gəlmir. Mən bir azərbaycanlı kimi ona qibtə edirəm. 

– Ağabala Ramanov niyə oynamır?

– O zədəli olduğu üçün komandaya qoşulmayıb.

– Ramil Şeydayev Almaniya ilə görüşün ən yaxşılarından biri olsa da, meydana buraxmadınız…

– Ramili meydana buraxmağı düşünürdüm. Sadəcə matçın gedişi elə alındı ki, ehtiyac qalmadı. Xüsusi bir səbəb yox idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43