Müsahibə

Rusiya millisinin baş məşqçisi: “Azərbaycandan xahiş etmişdik ki…” (MÜSAHİBƏ)

17 yaşlı futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Sergey Matveyev İdmanxeber.com saytına müsahibə verib:

– Yoxlama oyununda Azərbaycan millisi üzərində 5:1 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsiz?

– Azərbaycanla daha əvvəl də qarşılaşmışdıq. Ötən il Portuqaliyada üz-üzə gəlmişdik və həmin oyunda 1:0 hesablı qələbə qazanmışdıq. Lakin həmin qələbə bizə çox çətinliklə başa gəlmişdi. Bugünkü oyuna gəldikdə, Azərbaycan yığması matça yaxşı başladı. Bununla belə, hesabı biz açdıq və çox keçmədən ikinci qolu rəqib qapısından keçirdik. Bu da oyunun taleyini həll etdi. Azərbaycan millisi heç də pis oynamadı.

– Azərbaycan millisinidə uğur qazanmaq üçün nə çatışmadı?

– Komandanızın istəyi, ustalıq səviyyəsi qaydasındadı. Azərbaycan yığması yaxşı komandadı. Sadəcə, bu gün kifayət qədər qol epizodu yarada bilmədilər. Ötən il qarşılaşmada Azərbaycan millisini çox bəyənmişdim. Buna görə xahiş etmişdik ki, yoxlama oyununda qarşılaşaq.

– Rusiya millisi hansı cəhətinə görə Azərbaycanı üstələdi?

– Biz topla daha cəld oynayırdıq. Əks hücumlara sürətlə çıxırdıq.

– Azərbaycan yığmasının heyətində kimi fərqləndirərdiz?

– 7 nömrəni (Fərid Nəbiyevi nəzərdə tutur – red.). Onun oyununu çox bəyəndim.

– Fevralın 25-də yenidən Azərbaycan millisi ilə üz-üzə gələcəksiz. Həmin oyunda heyətdə eksperiment aparacaqsız?

– Bu gün əsas heyətlə oynayırdıq. Qarşıdakı oyun da bizim üçün vacibdi. Bu, Elit raund öncəsi son sınağımızdır. Orada da iki gündən bir meydana çıxacağıq. Ona görə də bu tempə öyrəşməliyik.

– Azərbaycan millisindən gələcəkdə nə gözləmək olar?

– Bilirəm ki, hazırda komandanın bir neçə əsas heyət üzvü heyətdə yer almayıb. Təbii ki, onlar komandada olsalar, yığmanız daha yaxşı təsir bağışlayacaq. Bilirsiz, gənclər futbolunda çox vaxt erkən qollar həlledici olur. Bu gün elə alındı ki, həmin qolları da biz vurduq. Bundan sonra Azərbaycan yığması özünə gələ, rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədi. Ümumi götürdükdə, oyundan da, rəqibdən də, bizə yaradılan şəraitdən də razıyam.

– Səsiniz niyə batıb? Oyunda çox qışqırmısız?

– Yox. Ola bilər, soyuq nəsə içmişəm (gülür).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43