Kateqoriyasız

Şahin Diniyev: “Meydançaya 3 xal üçün çıxacağıq”

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, çempionatda sonuncu – 36-cı turun mərkəzi görüşündə “Kəpəz” Gəncədə Qəbələnin eyniadlı klubunu qəbul edəcək.

Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: “Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” – “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdir. Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43