Ölkə futbolu

“Simurq”un “qonaqpərvərliyi” – YAZI

Zaqatala səfəri mənim üçün yeni bir məkanı görmək adına yenilik idi. "Simurq" klubunun ağsaqqalı kimi tanınan İnqilab dayının istəyi ilə "Neftçi"nin keçmiş mühafizəçisi, futbol azarkeşi Əhməd Nəbizadə ilə sözügedən məkana yollandıq. Getmişkən həm ziyarət, həm də ticarət prinsipini reallaşdırmağa da çalışdım. 

Çalışdım ki, ən azı 400 kilometrdən çox yol getmişəm, elə dönüm Zaqatalanın fəxri olan "Simurq"un bazasına.  Elə orada olan azarkeşlərdən bu klubun ofisinin harada yerləşdiyi haqda sual verəndə aldığım cavab – Bakı oldu. Ancaq sonradan dəqiqləşdirdim ki, sən demə ofisləri varmış. Ancaq lazımsız bir otaq kimi… Unudulmuş, tərk edilmiş yeri xatırladır.Sadəcə orada bircə vitse-prezident oturur. Ona da oturmaq demək olarsa…

Yəni klub prezidenti Anar Bəkirov, vitse-prezidenti Fərhad Əfəndiyev və digər rəsmilər ancaq oyundan oyuna komandanın düşərgəsinə baş çəkir, matçları izləyir və aclıqı yox etmək üçün yaxınlıqdakı restoranların birində bu istəklərini reallaşdırırlar. Nəysə, çox uzatmayım, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bizim Zaqatala səfərimizdən agah idi. Nəinki gəlməyə, hətta getməyə dəqiqələr qalarkən belə… 

Orada olduğumuz 3-4 saat ərzində klubdan səs çıxmadı. Günorta yeməyi yediyimiz "Ləziz" restoranında klubun vitse-prezidentinin də olduğundan xəbərdar olub, dedim imkan düşmüşkən mövsümün yekunları ilə bağlı sorğu-sual edim. Münasib vaxtının olmadığını bildirən klub rəsmisi, 1 saata bizi çağıracağını bildirdi. Lakin o bir saat, bu bir saat… Saatın əqrəbləri xarab oldu, amma bu rəsmidən də səs çıxmadı. 

Hətta stadiondan fotolar çəkib, qeydlər apardım ki, Rüstəm Allahverdiyev gələr, ona bir neçə sual ünvanlayıb, səfərimi əlverişli formada yekunlaşdıraram. Lakin nə o gəldi, nə də mənim suallarım cavabını tapdı.

İlk dəfə səfər etdiyim Zaqatala bu klubun rəsmilərinin sayəsində bir başqa xatirə kimi qaldı yaddaşımda. Hansı ki, heç vaxt xatırlamaq istəmədiyim, acı bir xatirə. "Hörmət hörmətə bağlıdı" –  deyib atalar. Kimin atası deyib, bilmirəm, amma indi lazım olan məqamda işlədilən sözmüş bu…

Zaqatala xalqı qonaqpərvərliyini ağsaqqlları sayəsində göstərdi, lakin bunu bu klubun rəsmilərinə şamil etmək olmaz. Ən azından qonaqpərvərlik sözünü onlara şamil etsək, buna layiq olanlar utanar. 

P.S.: Bəlkə də klub rəsmiləri bizi kimlərləsə səhv salıb, ağıllarına başqa nələrsə gətiriblər. Lakin unutmasınlar ki, klub prezidenti Anar Bəkirov AFFA İK iclasından sonra ondan müsahibə götürüb yekunlaşdırdıqda, bizə tərəf uzatdığı rüşvəti "cibivə qoy, səhv salma" deyən mən və digər həmkarım idi.

Səxavət Qurbanov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43