Ölkə futbolu

“Təzyiq altındayıq” – Tərlan Əhmədov

“Maraqlı və sürətli oyun oldu. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Son matçlara baxanda komanda bu gün daha istəkli idi. Bu 1 xal bizim üçün vacib idi. Zirədə oynamaq çox çətindir. Mübarizəyə görə futbolçularıma təşəkkür edirəm. İlk hissədə gözəl oynadıq. İkinci hissənin ilk dəqiqələrində rəqibin təzyiqi var idi. Bu da təbiidir. Sona qədər intizamlı oynayıb hesabı qoruduq. Hər iki komanda həm 2 xal itirib, həm də 1 xal qazanıb. Nəticə oyuna görə oldu”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş mşqçisi Tərlan Əhmədov “Zirə” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Qapıda Orxan Sadıqlının olmamasının səbəbi nə idi?

– Hər futbolçuya dəyər veririk. Heç bir oyunçunu silmirik. Çalışırıq kız hamı oyun formasında qalsın. Çünki, hər an hər şey baş verə bilər. Son oyunlarda qapıda Orxan idi. Bu gün istədik ki, Mario Mustapiçə şans verək. 

– Sizcə, artıq Premyer Liqada qalmağı təmin etmisiz?

– Yox. Hələ tam demək olmaz. Qarşıda hələ 2 tur var. Rəqiblərimizin isə 3 oyunu qalıb. Sabahkı və ayın 17-si baş tutacaq matçlardan sonra bəlli olacaq.

– “Kəpəz” öz meydanında nə vaxt oynaya biləcək?

– Bu suala mən cavab verməsəm, daha yaxşı olar. Çünki, heç bir məlumatım yoxdur. 

– “Kəpəz”də qalacaqsız?

– Sentyabrın 4-də bu komandanı götürəndə demişdim ki, Premyer Liqada qalacağıq. Qarşıma məqsəd qoyulmuşdu ki, “Kəpəz” Premyer Liqada qalsın. Bu məsələ hələ ki, tam rəsmiləşməyib. Qış fasiləsindən sonrakı proseslərdə demişdim ki, “Kəpəz”dən gedəcəm. Sizə kim deyib ki, mən getməyəcəm?

– Son 2-3 ayda klubdaxili çaxnaşmalar səngiyib. Buna görə belə düşünürəm…

– Bəlkə də gizlin gedən proseslər də var. Hələ ki, sözümün arxasındayam.

– Yəni…

– Yəni ki, getmək məsələn hələ gündəmdədir. 

– Premyer Liqada qalmağı təmin etsəniz, növbəti turlarda az oynayan futbolçulara şans verəcəksiz?

– Birdən-birə bütün heyəti dəyişə bilmərəm. Mənim üçün önəmli olan klubun adını daha da qaldırmaqdır. Fərdlər gəlib-gedir. Amma “Kəpəz”in adı həmişə yaşayır. Nə baş versə də, son iki turda komandanın adını saxlamağa çalışacam. Bir-iki dəyişiklik ola bilər. 

– Fasilədə azarkeşlərlə gərginlik yaşandı. Orada nə baş vermişdi?

– Futbolun gözəlliyi tək oyun deyil. Meydandakı gərginlik, futbolçular arasındakı münaqişə də futbolun gözəlliyidir. Şükür allaha ki, dava olmayıb. Söz atışması ola bilər. Mən də edə bilərəm. Görünən və görünməyən tərəflər var. Təzyiq altındayıq. Bunu bir biz bilirik, bir də bizi bu dünyaya bəxş edən. 

– Sizi milli komandaya namizəd hesab edənlər var. Yığmada işləmək istəyərsiz?

– Millidə işləmək hər birimiz üçün böyük şərəfdir. Həmçinin mənim üçün də. Buradan gedəndən sonra haradan təklif gələcəyi bilinmir. Adımı çəkənlərin hamısına təşəkkür edirəm. İşimiz bunu göstərir. Təklif olsa, sevə-sevə yükün altına girməyə hazıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43