Premyer Liqa

Tərzin Cahangirov: “Ayağımda hematoma əmələ gəlib”

Bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunun qapanış matçında “Neftçi” öz meydanında “Qəbələ”ni məğlub edərək, rəqibinə çempionluq yolunda ağır zərbə vurdu. Oyundan sonra “Neftçi”nin yarımmüdafiəçisi Tərzin Cahangirov idmanxeber.com-a açıqlama verdi:

“Çox çətin oyun oldu. Amma buna baxmayaraq matçdan qabaq özümüzə inanırdıq. Çünki “Zirə” ilə oyunda etdiyimiz səhvi təkrarlamaq istəmirdik. Komandamızın hər bir üzvü var gücü ilə mübarizə apardı. Belə demək mümkünsə, meydanda canımızı qoyduq. Məqsədimiz qələbə qazanmaq idi. Açıq deyim ki, azarkeşlərimizi bu bayram günü sevindirmək istəyirdik. Onlar bizə inanır, bu inamı sarsıtmaq olmazdı. Buna nail olduğumuza görə çox sevinirik. Mənə elə gəlir ki, bu gün biz “Qəbələ”dən daha yaxşı oyun sərgilədik. Qələbəyə layiq idik. Növbəti oyunumuz “İnter”lə olacaq. Gərgin qarşılaşma olacağı bəllidir. Artıq çempionatın bitməsinə az vaxt qaldığı üçün bütün oyunlar çox ağır keçəcək".

Oyunun ikinci hissəsində zədə alan Tərzin final fiti veriləndə də meydanı axsayaraq tərk etdi. Oyunçu bu barədə də sualımızı cavablandırdı:

“Zədələnsəm də matçın sonuna kimi mübarizə apardım. Komanda yoldaşlarımı yarı yolda qoya bilməzdim. Ayağımda bir az ağrı var. Hematoma (qansızma -red.) yaranıb. Ayaq üstə olanda ağrı daha da şiddətlənir. “İnter”lə oyuna kimi sağalıb, komandama kömək edəcəyimə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43