İdman

Tokio-2020: Rüstəm Orucov Olimpiya çempionuna uduzdu

Bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Tokio-2020-dəki bayraqdarlarından biri olan idmançımız ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.

O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb. Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib.

Qeyd edək ki, Rio-2016-nın və 2019-cu il dünya çempionatının finalında Olimpiya gümüş mükafatçımız Orucov məhz Ono Şoheiyə uduzub. İdmançımız bugünkü qarşılaşmada da məğlubiyyətə uğrayıb (ipponla). O, təsəlliverici görüşdə iştirak edəcək. Bürünc medal uğrunda görüş üçün vəsiqə uğrunda onun rəqibi Kosovo idmançısı Akil Gjakova olacaq.

Təsəlliverici, yarımfinal, bürünc medal uğrunda görüşlər və final Bakı vaxtı ilə saat 12.00 – 14.50 arasında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43