“Neftçi”nin yarımmüdafiəçisi Alessio Kurçinin komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
İdmanxeber.az-ın məlumatına görə, Lüksemburq millisinin üzvü olan 24 yaşlı futbolçunun çıxışı məşqçilər heyətini tam qane etmir. Bu səbəbdən paytaxt təmsilçisi oyunçu ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.
Bildirilir ki, “Neftçi” rəhbərliyi Kurçini icarəyə göndərməyə və ya sərfəli təklif gələcəyi təqdirdə satmağa müsbət yanaşır. Lakin hazırda futbolçu üçün hər hansı konkret təklif yoxdur.
Qeyd edək ki, yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsinin müddəti daha iki il davam edir. Buna baxmayaraq, onun yeni mövsümdə komandada qalıb-qalmayacağı məlum deyil.

