Ölkə futbolu

“Xəzər Lənkəran”da 70-ci dubl

Azərbaycan kubokunda özünün 10-cu – yubiley mövsümünə 1/8 final mərhələsindən başlayan “Xəzər Lənkəran” “Neftçala”nı 4 cavabsız qolla keçdi. Klub saytına istinadən verdiyimiz məlumata görə, bu qələbə bir sıra maraqlı məqamlarla əlamətdar olub. Görüş debüt, yubileylər və ilklə tarixə düşüb.

3-cü türkiyəli

“Ağ-yaşıllar” yeni təyin olunan baş məşqçi Mustafa Dənızlinin rəhbərliyi altında ilk rəsmi matça çıxdı. Çalışdırıcı komandanı meydana çıxaran 11-ci mütəxəssis kimi tarixə düşdü. Daha 4 çalışdırıcının baş məşqçi kimi bu funksiyanı yerinə yetirdiyini nəzərə alsaq, ümumilikdə Dənizli 15-ci oldu. Tanınmış mütəxəssis Rasim Kara və Cüneyt Biçərdən sonra “Xəzər Lənkəran”ın 3-cü türkiyəli baş məşqçisidi. Onların daha bir həmyerlisi Şenol Fidan isə məşqçi kimi 3 oyunda komandaya rəhbərlik edib.

51-ci darmadağın

“Xəzər Lənkəran” yarandığı 9 ildən artıq müddət ərzində 51-ci dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub etdi. Komanda ölkə kubokunda 12-ci böyükhesablı qələbəsini rəsmiləşdirdi. Bu həm də “ağ-yaşıllar”ın Azərbaycan kubokunda evdə keçirdiyi 28-ci matçda əldə etdiyi 20-ci – yubiley qələbəsi oldu.

70-ci dubl

Kubok matçı 2 dublla əlamətdar oldu. Komandanın heyətində artıq bir matçda belə uğur əldə edən Mbilla Etame özünün 2-ci dublunu rəsmiləşdirdi. Ondan 2 dəqiqə sonra dubl müəllifi olan Sadio Tounkara isə ilk dəfə buna nail oldu. Bununla da o, klub tarixinə dubla imza atan 38-ci futbolçu kimi düşdü. Sadionun dublu həm də “Xəzər Lənkəran”lı futbolçuların ümumilikdə 70-ci dubludu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43