19 İyun 2026
Ölkə futbolu

“Zirə” ilə “Kəpəz” eyni səviyyədə deyil” – Məqsəd İsayev

“Düşünürəm ki, yaxşı oyun alındı. İki komanda da əlindən gələni edirdi. İlk hissədə döyüşkən oyun göstərdik. Belə görüşlərdə istəkli olmaq vacibdir. İkinci yerdə gedən komandaya qarşı pis çıxış etmədik. Qol vəziyyətləri də yaratdıq. Təbii ki, “Zirə” ilə “Kəpəz” eyni səviyyədə deyil. Ancaq Azərbaycan futbolunda istəkli oynayanda hər komandadan xal almaq mümkündür. Bundan sonra qarşıdakı oyunlara baxmaq lazımdır. Bizim əsas rəqiblərimiz var”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Məqsəd İsayev “Zirə” ilə oyundan sonra deyib. Təcrübəli futbolçu daha sonra belə davam edib:

“Kəpəz”ə “Zirə”dən gəldiyim üçün bu oyuna xüsusi motivasiya ilə çıxmamışdım. Digər komandalarla oyuna necə hazırlaşmışamsa, bu görüşə də eyni yanaşıram. Dediyim kimi, bizim əsas rəqiblərimiz var. Onları məğlub etmək lazımdır. Belə oyunlardan isə minimum bir xal almalıyıq ki, turnir cədvəlində yerimiz yaxşı olsun. İlk dövrənin bitiminə 3 tur qalıb. İkisini Yevlaxda oynayacağıq. O matçlardan xal qazanacağıq”.

İsayev Azərbaycan kubokunun 1/8 final mərhələsində üz-üzə gələcəkləri “Araz Naxçıvan” matçına da toxunub:

“Bir oyunluq matçdır. Nə olacağını bilmək olmaz. Çıxıb oynayacağıq. Qələbə də qazana bilərik. Futbolda hər şey olur. Kuboku oyununu kənara atmırıq, iki turnirdə də oynayacağıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43