18 İyun 2026
Ölkə futbolu

“Neftçi” braziliyalı futbolçu transfer edir – 1 milyonluq təklif hazırlanır 

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi “Santa Klara”nın yarımmüdafiəçisi Qustavo Klismanı transfer etmək niyyətindədir. Bildirilir ki, 26 yaşlı futbolçunun xidmətində maraqlı olan “Neftçi” Portuqaliya klubunu razı salmaq üçün transfer təklifi hazırlayır.

Mənbənin iddiasına əsasən, Klismanın “Santa Klara” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər davam etsə də, tərəflər uyğun təklif qarşılığında ayrılığa razılıq verə bilərlər. Transfer məbləğinin 500 min avro ilə 1 milyon avro arasında dəyişəcəyi gözlənilir.

Braziliyalı futbolçu bu ilin yanvarında Yaponiyanın “Vissel Kobe” klubundakı icarə müddətini başa vuraraq yenidən “Santa Klara”ya qayıdıb. O, qayıdışından sonra komandanın əsas heyət üzvlərindən birinə çevrilib və cəmi iki oyunu buraxıb.

Qustavo Klismahn “Santa Klara”da keçirdiyi iki dövr ərzində ümumilikdə 74 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43