18 İyun 2026
Ölkə futbolu

“Qarabağ”da qalmaqdan imtina etdi, oynamaq istədi – Azərbaycanlı futbolçu Albaniya klubuna transfer oldu -AÇIQLAMA

“Əslində, bir neçə komanda ilə əlaqə var idi. Menecerim bu məsələlərlə məşğul olurdu. Lakin bu klubun təklifi mənim üçün daha uyğun idi. Həm çempionluq uğrunda mübarizə aparan komandadır, həm də köklü klubdur”.

Bu sözləri İdmanxeber.az saytına Albaniyanın birinci liqa təmsilçisi “Besa” klubuna transfer olan azərbaycanlı futbolçu Kamil Sadıqov deyib. Ötən mövsümü “Difai”də keçirən 19 yaşlı oyunçu daha sonra belə davam edib:

“Həmyerlimiz Bayraməli Qurbanov da orada çıxış edir. Onunla danışmışam və həm futbol, həm də yaşayış şəraiti barədə müsbət fikirlər bildirib. Düşünürəm ki, gənc yaşda legioner həyatı yaşamaq gələcək karyeram üçün üstünlükdür. Bu, daha böyük klublara transfer olmaq şansımı da artırır.

Məncə, hazırda mənim üçün ən uyğun variant budur və gələcək baxımından daha faydalı olacaq. Albaniya birinci liqasının səviyyəsini bizim 1-ci liqa ilə müqayisədə daha yüksək hesab edirəm”.

“Qarabağ”ın yetirməsi olan Sadıqov Ağdam klubunda qalmamasının səbəbini belə izah etdi:

“Qarabağ”da əsas komandada yalnız bir yoldaşlıq oyununda – “Kəpəz”ə qarşı keçirilən matçda iştirak etmişəm. Həmin oyunda hər şey qaydasında idi. Sadəcə, sonradan əvəzedici komandada çıxış etməli olacaqdım. Mən isə I Liqanı əvəzedicilər liqasından daha üstün hesab etdiyim üçün “Difai”yə keçmək qərarı verdim”.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43