Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
İdmanxeber.com-un məlumatına görə, idmançımız ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib.
Ağır çəki dərəcəsində çıxış edən boksçumuz “Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Zamiq 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.
Təmsilçimiz qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: “Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu bir sürpriz idi”.