Ölkə futbolu

Böyükağa Hacıyev hakimdən gileyləndi: “Onlar da təəccübləndilər”

“Bu oyunda əsas heyətin bir neçə üzvünü – Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Julius Vobay, Bruno Bertuççini meydana buraxmadım. Çünki onlar hazırlığa dünəndən başlamışdılar və fərdi şəkildə məşq edirdilər. Əvəzində, bir sıra gəncləri yoxladım. İki fərqli hissə izlədik. İlk yarıda komandamdan razı qaldım. Penalti zərbəsindən sonra qol buraxsaq da, 2 qol vurub oyunu xeyrimizə çevirə bildik. İkinci hissədə heyətin yarıdan çoxunu dəyişdik. Əvəzedici komandadan toplanışa dəvət etdiyimiz futbolçuları meydana buraxdıq. Onların təcrübəsizliyi də öz sözünü dedi. Bununla belə, məğlub olmaya bilərdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi “Çixura”ya məğlub olduqları yoxlama matçından (2:3) sonra klubun saytına açıqlamasında deyib.

Paytaxt klubunun çalışdırıcısı məğlubiyyətdə hakimin rolunun az olmadığını bildirib:

“Rəqibin ikinci qolu qeydə alınanda nəinki biz, hətta gürcülər də təəccübləndilər. Məqsəd İsayev topu qapı xəttindən yarım metr irəlidə başla uzaqlaşdırsa da, yan hakim qol qeydə aldı. Bundan başqa, hakim Elşən Abdullayevə qarşı açıq-aşkar kobudluğa göz yumdu və penalti təyin etmədi. Nəticədə məğlub olduq. Amma unutmayaq ki, bu bir yoxlama oyunudur. Üstəlik, komanda cəmi 4-5 gündür hazırlığa başlayıb. Toplanışın bu mərhələsində belə oyunlar ağır olur. Yoxlama görüşlərində buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq və bu səhvlər üzərində işləyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43