Kateqoriyasız

“Bursaspor”a gələndə Superliqaya çıxmağı xəyal edirdim” – Namik Ələskərov

“Təlim-məşq toplanışı yaxşı keçib və müsbət əhval-ruhiyyədə hazırlaşmışıq”.

İdmanxeber.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin “Bursaspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov “Lifebursa” nəşrinə müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi fiziki və taktiki hazırlıqlara önəm verdikləri bildirib: “Məncə, toplanış çox yaxşı keçib. Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik”.

Ələskərov “timsahlar”a keçərkən çempionluğu hədəflədiklərini söyləyib: “Amma hazırda pis vəziyyətdəyik. Hədəflədiyimiz yerdə deyilik. Bu amil mənim üçün bir az çətin oldu. “Bursaspor”un necə böyük klub olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq və daha yaxşı yerlərə gələcəyik”.

Yarımmüdafiəçi qarşılaşmalarda standart vəziyyətlərdən fərqlənmək istədiyini sözlərinə əlavə edib: “Bu mövsüm oynadığım oyunlarda bir penalti olub, onu da qolla nəticələndirdim. Bundan əlavə, başqa cərimə zərbəsi və penalti vurmaq şansım olmayıb. Amma fürsət düşsə, bunu dəyərləndirmək istəyərəm”.

“Azərbaycanda hər kəs “Bursaspor”un nə qədər böyük klub olduğunu bilir”

Ələskərov karyerası ərzində əsasən sağ cinahda oynadığını diqqətə çatdırıb: “Ötən mövsüm keçmiş komandamda bütün görüşlərdə hücumçu mövqeyində çıxış edirdim. Seçim etmək çətindir, amma özümü hücumda daha rahat hiss edirəm”.

Oyunçu Bursa təmsilçisində rəhbər dəyişikliyinin olacağına da münasibət bildirib: “Bu mövzunu komanda və məşqçilərlə danışdıq. Bütün diqqətimizi oyunlara verməliyik. Bizim işimiz meydandadır. Əlimizdən gələni etməliyik və konsentrasiyamızı meydandan kənar məsələlərlə pozmaq istəmirik. Digər məsələlərlə çox maraqlanmırıq”.

Təcrübəli futbolçu “Bursaspor”un baş məşqçisi Tamer Tuna haqqında fikirlərini bölüşüb: “Onun bizimlə olduğunu hiss edirik. Oyunçulara motivasiya və dəstək verir. Məncə, çox yaxşı baş məşqçidir. Azərbaycanda hər kəs “Bursaspor”un nə qədər böyük klub olduğunu bilir. Bu mövsüm istədiyimiz kimi olmadı. Amma inanıram ki, hər şey düzələcək”.

Ələskərov uzun müddət bu komandanın formasını geyinmək istədiyini deyib: “Uzun müddət “Bursaspor”da oynamaq istəyirəm. Burada həqiqətən xoşbəxtəm. Ümid edirəm ki, bu il bütün problemlər həll ediləcək, qarşıdakı mövsümdə daha iddialı olacağıq və mən də burada oynamağa davam edəcəyəm”.

“Bursaspor”a gələndə Superliqaya çıxmağı xəyal edirdim”

Yarımmüdafiəçi cari mövsüm komandada çoxlu baş məşqçi dəyişikliyi olduğunu xatırladıb: “Hər məşqçinin fərqli istəyi var. Ötən mövsüm iki hücumçudan biri kimi meydana çıxırdım. Bu səbəbdən qol vurmağa daha yaxın idim. Bu mövsüm isə cinahda oynayıram. Mənim məqsədim komandaya daha çox fayda verməkdir. Daha çox qol vurub və məhsuldar ötürmə etmək istəyirəm. Hazırda ən önəmli hədəfimiz bu vəziyyətdən çıxmaq və aşağı pillələrdən xilas olmaqdır. Ondan sonra isə xallar toplayaraq üst pillələrə qalxmaq niyyətindəyik. “Bursaspor”a gələndə Superliqaya çıxmağı xəyal edirdim. Bu mövsüm olmadı. Hazırkı durum bunu göstərir. Amma ardıcıl qələbələr qazansaq, hər şey ola bilər. Bu dəfə alınmasa, növbəti növsüm “Bursaspor”la Superliqaya vəsiqə qazanmaq istəyirəm”.

Qeyd edək ki, ötən ilin avqustunda “Bursaspor”a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43