Ölkə futbolu

“Gent”lə oyunlarda bizim şansımız daha çoxdur” – “Qarabağ”ın yeni transferi

“Bütün “Qarabağ” ailəsinə təşəkkür edirəm. Mesaj göndərən azarkeşlərə, məşqçilər heyətinə və bütün futbolçulara minnətdaram. Hər keçən gün özümü daha yaxşı hiss edirəm. Yaxın müddətdə komandaya uyğunlaşmaq niyyətindəyəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Yassin Benzia “CBC Sport”a açıqlaması zamanı deyib. O, Azərbaycana gəlmədən öncə Ağdam təmsilçisi haqda məlumat aldığını bildirib:

“Qarabağ”ın yaxşı komanda olduğunu bilirdim. Onlar çox yaxşı oyun sərgiləyir. Baş məşqçinin fəlsəfəsini bilirəm. Abdullah Zubirlə də danışmışdım. Komandanın çox yaxşı olduğunu demişdi. “Qarabağ”ın çempionluq videolarını izlədim və burada hər şeyin yaxşı olduğunu gördüm”.

Bir dönəm “Fənərbağça”da forma geyinən Benzia iki ölkə arasındakı münasibətdən xəbərdar olduğunu sözlərinə əlavə edib:

“Türkiyə və Azərbaycanın bir-birləri ilə yaxşı münasibəti var. Hər iki ölkəni də sevirəm. Burada olduğum üçün çox xoşbəxtəm”.

28 yaşlı futbolçu hədəflərindən və qarşıdakı “Gent” oyunları barədə də danışıb:

“Hədəfim həmişə hər şeyi qazanmaqdır. “Qarabağ” ölkənin ən yaxşı komandasıdır. Böyük klubuq və hər şeyi qazanmaq istəyirik. “Gent” güclü rəqibdir. Amma bizim şansımız daha çoxdur. Bu oyunlara yaxşı hazırlaşırıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43