Kateqoriyasız

“İnter”in çempionluğu rəsmiləşdi

Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

“İnter” sona dörd tur qalmış çempionatın qalibi olub.

Bu, 34-cü turda “Atalanta”nın səfərdə “Sassuolo” ilə səfər oyunundakı xal itkisindən sonra rəsmiləşib. Bu qarşılaşma 1:1 hesabıyla bitib. Nəticədə, “Atalanta” 69 xalda qalıb. Bu turda “Krotone” ilə ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılan “İnter” isə xalını 82-yə çatdırıb. Beləcə, Antonio Kontenin çalışdırdığı komanda sona 4 tur qalmış ən yaxın izləyiciləri “Atalanta” və “Milan”ı 13 xal geridə qoyub.

Qeyd edək ki, bu, “İnter”in tarixində 19-cu İtaliya çempionluğudur. Sonuncu dəfə bu komanda 2009/10 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qalibi olmuşdu.

İtaliyada çempionluq sayına görə “Yuventus” bütün rəqiblərindən öndədir. Turin təmsilçisinin hesabında 36 çempionluq var. “İnter” isə 19 çempionluqla ikincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43