Köşə yazıları Ölkə futbolu

“Kəpəz”in hərarəti

Gəncədəki nəticə hamını təəccübləndirsə də, “Kəpəz” üçün sanki çox da mümkünsüz görünməyib. Çünki yalnız nəticə olacağına inanan komanda meydanda bu qədər səhvsiz və səliqəli oynaya bilər. “Sarı-göylər” meydanda ağıllı mübarizə apardı. Komandanın oyununda yalnız əzmkarlıq var desək, yanlış olar.

Gəncə təmsilçisi mərkəzdə rəqibi yaxşı saxladı, müdafiədə səhvsiz idi, əks hücumlar cəhdi də alınırdı. Qolun penaltidən gəlməsi təsadüfü deyil. Ona qədər addım-addım “Neftçi” qapısına yaxınlaşan “Kəpəz” var idi meydanda. Ümumiyyətlə, bir komadanın həddində oynamağı bacarması böyük üstünlükdür. Gəncə təmsilçisi dünən bunu bacardı.

Əgər Mate Kvirkviya və Martins Junior əlverişli vəziyyətlərdən səmərəli istifadə edib, ötürmələrdə doğru seçim etsəydilər, ikinci qolla komanda daha erkən rahatlaya bilərdi. Oyun planının güclü müdafiə və sürətli əks hücuma bağlı olacağı sezilir. Bu, sadə görünsə də, formalaşdırması çətin bir sistemdir.

Çünki kollektiv mübarizə səhvsiz oyun deməkdir. Bu sistemin əsas silahı ötən mövsüm də olduğu kimi Abdullahi Şuaybudur. Sürətli və yaxşı bitiriciliyi olan nigeriyalı çox faydalı ola bilər. Amma oynamağı düşünsə…

“Neftçi” ilə görüşdə iki dəfə qazana biləcəyi mübarizədə özünü yerə atdı. Hakimin “davam” qərarı təhlükə yarada biləcək epizodu başlamadan bitirdi. Böyük oyunlarda belə ucuz top itirilməməlidir. Ümumiyyətlə, “Kəpəz” kimi bəlli səviyyəli komandalar topun “qədrini” bilməlidi. Şuaybu sürəti qədər, mübarizəyə də önəm verssə, sistem çalışacaq. Əvəzetmələrdən meydana daxil olan oyunçulardan hazırkı komandanın güc balansı göründü. Bu səbəbdən də Azər Məmmədovun işi “Kəpəz”də asan olmayacaq. Hazırkı heyətlə də, şəraitlə də nəsə etmək çətindi. Ən vacib işi isə komandanın xarakterini yaratmaqdır.

Yeni transferlərdən Olavale Onanuqa fərqi sezildi. Cəld və dinamik oyunu sevən xarakteri var. Açığı, “Kəpəz” hələlik belə oyuna hazır deyil. Ancaq burada da iş yenə baş məşqçiyə düşür. Hamının üstün tərəflərini bir araya toplayıb, stabil mübarizə xarakterli bir komanda yaratmaq lazımdı. Xüsusi ilə müdafiə xətti üzərində daha möhkəm durulmalıdır.

“Neftçi” üzərindəki qələbə is sadəcə yaxşı bir üç xal deyil, hazırkı vəziyyətdə böyük bir ümid oldu. 40 dərəcəyə yaxın istidə keçirilən qarşılaşmada günəşin yandırıcı şüaları ilə bərabər “Kəpəz”in də hərarəti göründü. 

Komandaya qoşulası yeni oyunçulardan sonra isə artıq “sarı-göylər”in özünü görməyə başlayacağıq. Hiss olunur ki, gərgin keçəcək mövsümün zəif halqası heç də erkən bilinməyəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43