Premyer Liqa

Kamran Abdullazadə söyüşə görə komandadan uzaqlaşdırılıb? – Samir Abasov açıqladı

"Xəzər Lənkəran"ın yetirməsi, hazırda "Sumqayıt"da çıxış edən və mövsüm ərzində bir çox oyunlarda iştirak edən Kamran Abdullazadə son 3 turdu ki, əvəzedici heyətə göndərilib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, buna səbəb baş məşqçi Samir Abasovun komandanın məşqində təhqiramiz ifadə işlətməsidir. Buna reaksiya verən Kamran Abdullazadə də cəzalandırılaraq əvəzedici heyətə göndərilib.

Məlumatı dəqiqləşdirmək üçün "Sumqayıt"ın baş məşqçisi Samir Abasovla əlaqə saxladıq. Mütəxəssis idmanxeber.com-a açıqlamasında məlumatı nə təkzib etdi. O, Kamranın sırf məşqlərdə özünü doğrultmadığı üçün əvəzedici heyətə göndərildiyini bildirdi:

"Kamran bir neçə turdur ki, əvəzedici heyətə göndərilib. Buna səbəb onun məşqlərinin məni qane etməməsidir. Amma bu o demək deyil ki, o, ömürlük əvəzedici heyətdə qalacaq. Nəinki Kamran, hətta Bəhlulu və Seymuru da əvəzedici heyətə göndərmişdik.

Təhqirə gəlincə, bu barədə danışmaq istəmirəm. Əgər komandanın ümumi durumu barədə danışmaq istəyirsinizsə, danışaq.  Sadəcə, onu deyə bilərəm ki, əvəzediciyə yollanan futbolçular sırf oyun praktikasına görə göndərilib. Hansısa futbolçularımın oyunu məni qane etmirsə, oyun praktikası cəhətdən əziyyət çəkirlərsə, onları əvəzediciyə göndərirəm, bundan sonra da göndərəcəm. Bu, normal haldır. Yaxında Kamranı da komandaya qaytaracağıq".
İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43