Ölkə futbolu

“Milliyə dəvət almasam da, həvəsdən düşən deyiləm”

Son turda səfərdə “Sumqayıt”la heç-heçə edən “Turan Tovuz” sabah doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Ötən mövsüm Tovuzda rəqibini 4:0 hesabı ilə məğlub edən Qərb bölgəsi təmsilçisinin bu görüşdəki çıxışı da maraqla gözlənilir. Cari mövsüm evdə o qədər də uğurlu nəticə qazana bilməyən “Turan Tovuz”un “flaqman”la oyunu və digər məsələlərlə bağlı komandanın kapitanı Şəhriyar Əliyevlə söhbət etdik.

– Qarşıda “Neftçi” ilə oyun var. Sonuncu ev görüşündə onları 4:0 hesabı ilə məğlub etmişdiniz. Bu səfər necə olacaq?

Əlbəttə, çətin olacaq. “Neftçi”də ötən mövsümlə müqayisədə çox dəyişiklik olub. Heyət tamamən dəşiyib demək olar. Bizi çox ağır oyun gözləyir. Tovuzda yaxşı və maraqlı matç olacağını düşünürəm. Xal və xallar qazanmağa çalışacağıq. Azarkeş dəstəyimiz yüksək səviyyədədir. Onlar bizi heç vaxt tək qoymurlar. Amma nəzərə alaq ki, “Neftçi” çempionluğa oynayan komandadır. Yenə də çalışıb xal qazanmalıyıq. 

– Komanda son turda “Suqmayıt”a (0:0) qarşı nəsə zəif təsir bağışladı. Sanki bir xal üçün meydana çıxmışdınız?

Açığı, zəif olduğumuzu deməzdim. Əksinə real qol imkanlarımız daha çox idi. Onlardan yararlana bilsəydik, hesab daha fərqli olardı. Son üç tura baxsaq, “Sabah”, “Qəbələ” və “Sumqayıt” oyunlarında yaxşı təsir bağışlamışıq. Hər üç görüşdən də xal qazana bildik. Komandanın tempi çox yaxşıdır, bunu saxlamalıyıq.

– Evdə “Səbail”ə məğlub oldunuz, “Qəbələ” görüşündə isə qələbəni əldən verdiniz. Tovuzda oynamaq niyə çətinlik yaradır sizə?

Rəqiblər də bizi analiz edir, uduzmaq üçün oynamır. Onlar da səfərə gələndə istəyir ki, xal qazansınlar, nəticə göstərsinlər. Biz də azarkeşləri sevindirmək istəyirik. Onların dəstəyini hər zaman hiss edirik. Tovuzda qalib gələ bilməməyimizin xüsusi bir səbəbi yoxdur. Hələ mövsüm yeni başlayıb, oyunlar qarşıdadır. Yaxşı nəticələrimiz olacaq.

– Hədəfiniz Premyer Liqada qalmaq olsa da, hazırda 4-cü pillədəsiniz. Mövsümün sonuna qədər bu mövqeyi qorumaq üçün nə etmək lazımdır?

Qarşımıza 3-4-cü yerləri tumaq kimi bir məqsəd qoyulmayıb. Avrokubok iddiamız da yoxdur. Ancaq çalışıb çempionatı yüksək yerlərdə bitirmək istəyirik. Liqa çox çətindir. Hamı bir-birindən xal ala bilir. Komandaların heyəti çox genişdir. Biz sadəcə, yaxşı nəticələr qazanmaq istəyirik.

Qarşıda Azərbaycan millisinin AVRO-2024 seçmə mərhələsi çərçivəsində oyunları var. Canni De Byazidən dəvət göləyirsən?

Yığmanın oyunlarına qədər bizim iki matçımız var. Hazırda əsas məqsəd öz komandama xeyir verməkdir. Bizim işimiz daim formada olmaqdır, baş məşqçinin diqqətini çəkməkdir. Qarşıdakı oyunlarda bəlkə də dəvət oldu. Amma mən öz işimi görməyə çalışıram. Hansı klubda oynamışamsa, faydalı olmaq istəmişəm. Kimin yığmaya çağırılmağına baş məşqçi qərar verir. Dəvət olarsa, canla-başla hazıram. Çağırılmasam da, öz işimlə məşğul olacam. Mənim üçün əsas futbol oynamaqdır. Milli elə yerdir ki, meydanda himn səslənən də adamın tükləri biz-biz olur. Amma dəvət almasam da, həvəsdən düşən deyiləm. Təki nəticələri yaxşı olsun.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43