İdman

Olmayan rayonun olmayan futbolu YAZI

Çempionlar Liqası və “Qarabağ”. O “Qarabağ” ki, üzərinə köçkün komanda damğası vurulub.
Nə qədər uğur qazansa da, yenə də valideynini itirmiş boynu bükük uşaq kimidir. Ağdamdan
didərgin düşüb Bakıya sığınmaqla, buradakı azarkeşlərlə o “yetimliyi”ni unutmağa çalışandır
“Qarabağ”. “Qarabağ” var, Qarabağ isə yoxdur. «Var»dan yazmağa nə var ki? Bu dəfə «yox»dan
yazacağıq. Olmayan rayonun olmayan futbolundan. Daha dəqiq ermənilər tərəfindən işğal
olunmuş Qubadlıdan və özümüzün yiyə durmadığı futbolundan. Avqustun 31-i Qubadlının işğal

günüdür…

24 il əvvəl itirdiyimiz Qubadlının futbolu haqqında nə bilirik, hansı futbolçularını tanıyırıq? Bu
gün Qubadlı futbolu hansı vəziyyətdədir? Umümiyyətlə, Qubadlı futbolu deyilən bir anlam
mövcuddurmu? Gəncə, Lənkəran, Tovuz, Zaqatala və digər şəhər və rayonlar kimi olmasa da,
Qubadlının da özünə görə futbolu olub. İndi də var. Hansı səviyyədə? Bu gün Qubadlını təmsil
edən klub mövcüddür – “Həkəri”. O “Həkəri” ki Qubadlıya oxşayır. Yəni, yox kimidir. Yəni, adı

var…

Sönməkdə olan işartı
«Həkəri» Futbol Klubu 2000-ci ildə təsis olunub, 2 il sonra isə Ədliyyə Nazirliyində
qeydiyyatdan keçib. Klubun yaradıcısı əslən Qubadlıdan olan, Qarabağ müharibəsi veteranı
Cavanşir Əliyevdir. İlk günlərdən klubda əsasən 1989-90-cu il təvəllüdlü uşaqlar toplanıb,
Gənclər və İdman Nazirliyinin keçirdiyi zona yarışlarında 1-ci, Şəki şəhərində keçirilən
respublika birinciliyində isə 3-cü yeri tutub. 2002-ci ildə isə komanda Həvəskarlar Liqasında
çıxışa başlayıb. Doğrudur, 2000-ci ildə də bu liqada «Həkəri» adında komanda oynayıb və Sabir
Əliyevin rəhbərliyi altında Həvəskarlar Liqasında yarışıb. Amma o «Həkəri» haqqında bəhs
etdiyimiz «Həkəri» deyil. Əvvəlki «Həkəri» Qubadlının mərhum icra başçısı Əvəz
Hüseynquliyevin təşəbbüsü ilə yaradılmış və icra hakimiyyətinin himayəsində olmuşdu. İndiki
«Həkəri»si isə… Komanda 2009-cu ilə kimi həvəskar komanda kimi Azərbaycan birinciliyində
çıxış edib. Nəticələri pis olmayıb. 2003/04-cü illər mövsümündə respublikanın ən güclü həvəskar
komandası adını qazanan komanda o vaxt futbolumuzdakı problemlər üzündən təəssüf ki, UEFA
Regionlar Kubokunda (Həvəskarlar Kuboku) iştirak edə bilməyib. 2005/06-cı illər mövsümündə
isə 2-ci yeri tutan «Həkəri» bir daha 2008/09-cu illər mövsümündə medalçılar sırasına düşüb. 3-
cü yeri tutan komanda maddi çətinliklərdən yana fəaliyyətini dayandırıb. 2 il sonra yenidən
«dirilən» komanda bu dəfə peşəkar statusu ilə I Divizionda mübarizəyə qoşulub. Nə yazıq ki,
çempionatı yarımçıq dayandırıb. Çünki kimsə bu komandaya yiyə durmayıb. «Həkəri» 1-ci

dəstədə cəmi 7 oyunda «görünüb»:

12.09.2011 «Həkəri» – Göyəzən (Qazax) 0:0
18.09.2011 MOİK (Bakı) – «Həkəri» 1:1
25.09.2011 «Həkəri» – «Muğan» (Salyan) 0:2
08.10.2011 «Həkəri» – «Şahdağ» (Qusar) 1:0
03.10.2011 «Tərəqqi» (Gəncə) – «Həkəri» 1:2
15.10.2011 «Lokomotiv» (Biləcəri) – «Həkəri» 4:1

30.10.2011 «Şuşa» – Həkəri 1:0.

2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, 8 xal. Top fərqi – 5:10. Vəssəlam. Müstəqillik qazandıqdan

sonra Qubadlının futbol adına statistik göstəricisi bundan ibarətdir.

Bəs, SSRİ dövründə?
1933-cü ildə yaradılan Qubadlı (1963-64-cü illərdə Zəngilən rayonuna birləşdirilib – İ.T.) daha
çox güləşi ilə məşhur olub. Ən tanınmış güləşçilərdən dəfələrlə SSRİ və Azərbaycan çempionu
olmuş Bahadur Həziyev, Əliyar Əliyevin adını çəkə bilərik. Hazırda Rusiyada yaşayan dünya
çempionu, bu ölkənin güləş yığmasının heyətində Afina olimpiadasında gümüş medal qazanmış
Heydər Məmmədəliyev də qubadlılıdır. Futbola gəlincə, rayonda idmanın bu növü o qədər dəinkişaf etməyib. Doğrudur, imperiya dövründə Qubadlıda bir çox komandalar varmış, lakin
onların daha çox həvəskar komanda kimi fəaliyyət göstərirmişlər. Uşaq komandaları respublika
əhəmiyyətli turnirlərdə, o cümlədən «Sevinc Kuboku»nda iştirak edirmişlər. Böyüklərsə, əsasən
Zəngilan, Füzuli, Cəbrayıl komandalarının qatıldığı turnirlərə qatılırmışlar. Qubadlı təmsilçiləri
ev oyunlarını şəhər stadionunda keçirirmişlər. Stadionun tribunasının olmamasına baxmayaraq,
oyunları yüzlərlə azarkeş izləyirmiş. Meydanın təbii örtüyünə söz ola bilməzmiş.
Belə turnirlərdən başqa Qubadlının öz daxili çempionatı da varmış. Buna yerli camaat
«kəndlərarası çempionat» deyirmiş. 80-ci illərdə rəhmətlik Əliyar Əliyevin (Əliyar Əliyev milli
qəhrəmandır, 1992-ci il oktyabrın 3-də Laçında qəhrəmancasına həlak olub – İ.T.) «Məhsul»
İdman Cəmiyyətinin nəzdində yaratdığı «Bərgüşad» rayonun ən güclü komandalarından idi.
Muradxanlı, Xanlıq, Dəmirçilər kəndlərinin komandaları da bölgədə ad-san çıxarıbmışlar.
«Qubadlı çempionatı»nda çox vaxt bu komandalar medallar uğrunda mübarizə aparırmışlar.
Yəni, futbol rayonu olmamasına rəğmən Qubadlıda futbol çox sevilib. Bəlkə də güləş qədər.
Rayon işğal olunana kimi, Qubadlıda özünə görə futbol olub. Hətta müharibə getdiyi dövrdə belə

yarışlara ara verilməyib. İşğaldan sonra isə…

“Suyu qurumuş” “Həkəri”
Bayaq «Həkəri»nin 2012-ci ildə fəaliyyətini dayandırdığını yazdıq. Cavanşir müəllim həmin
vaxt rayonun imkanlı şəxslərinə, İcra Hakimiyyətinə komandanın saxlanması üçün dəfələrlə ağız
açsa da, kimsə yardım əlini uzatmayıb: «Çox şey istəmirdik ki. Komandanın forma ilə təmin
olunması, səfər oyunlarına getmək, stadionun icarə haqqını ödəmək üçün müəyyən vəsait lazım
idi. Özümdə bu imkan olmadığından məcbur olub əslən qubadlıdan olan iş adamlarından yardım
istədim. Heç kim yaxın durmadı. Rəngli formalarda oyuna çıxmaqdansa, əzab-əziyyətlə səfər
oyunlarına getməkdənsə, çempionatda çıxışımızı dayandırmağı lazım bildim. 7 turdan sonra 15
komanda arasında 5-ci yerdə gedirdik. Kömək olsaydı, daha yuxarı yerlərə qalxa bilərdik…»
Tanıtma: Cavanşir Əliyev 1974-cü ildə iyunun 18-də Qubadlının Sarıyataq kəndində fəhlə
ailəsində dünyaya gəlib. 1986-91-ci illər aralığında Qubadlıda Əliyar Əliyevin rəhbərliyi altında
futbolla məşğul olub. 1991-ci ildə, 17 yaşı olmasına baxmayaraq, könüllü olaraq cəbhəyə gedib,
1996-cı ilə kimi Qubadlı batalyonunda (sonradan Qubadlı briqadası – İ.T.) tərkibində Qarabağ
döyüşlərində iştirak edib. Ordudan təxris olunduqdan sonra Sabir Əliyevin rəhbərlik etdiyi
həvəskar «Həkəri» komandasında bir müddət futbol oynayıb. Lakin müharibədə ayağından aldığı
güllə yarası futbolçu karyerasını davam etdirməyə imkan verməyib. 1997-ci ildə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub, oranı fərqlənmə
ilə bitirib. 2001-ci ildə «Həkəri» Futbol Klubunu təsis edib. Klub 1 il sonra Ədliyyə Nazirliyində
rəsmi qeydiyyatdan keçib. 2-ci qrup əlil olan Cavanşir Əliyev hazırda «Həkəri»nin həm də

yeganə baş məşqçisidir.

«2 ildən çoxdur ki, nəyinsə təzəsinə möhtacıq»
Komanda dağılsada, Cavanşir müəllim bu günə kimi əzab-əziyyətlə klubu saxlaya bilib. Hazırda
«Həkəri»də 3 müxtəlif yaş qrupu üzrə komanda var. 2013-cü ildən AGİN və AFFA-nın bayrağı
altında keçirilən yarışlarda iştirak edir. Bu il U-11 və U-13 komandaları Şimal regionu üzrə
(Sumqayıt) yarışlarda qüvvəsini sınayacaq. Lap balacalar isə Bakı şəhərində keçiriləcək
birinciliklərdə. O ki qaldı 14-15 yaşlı uşaqlara, onlar digər klublara icarəyə verilib ki, itib batmasınlar. Heç olmasa uşaq komandalarında vəziyyət normaldırmı? Söhbət əsnasında məlum
oldu ki, hazırda klubda 15 yaşına kimi 60-a yaxın uşaq var. Onların təxminən yarısı əslən
qubadlıdandılar. Qruplar həftədə 3 dəfə olmaqla Sumqayıt İdman Olimpiya Kompleksinin
stadionunda məşq keçirlər, 1 dəfə yoldaşlıq oyununda güclərini sınayırlar. İldə 2 dəfə Sumqayıt
şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində tibbi baxışdan keçən uşaqlar top və forma sarıdan
korluq çəkirlər. Cavanşir müəllim vəziyyətlərinin çətinliyindən gileyləndi: «Əslində, pullu klub
deyilik. Amma müəyyən məsrəfləri qarşılamaq lazım olduğundan məcbur olub fond yaratmışıq.
Hər uşağın valideyni imkan daxilində həmin fonda aylıq pul keçirir. 5 manat verəni də var, 10
manat verəni də, heç verməyəni də. Kimisə məcbur edə bilmərik ki, bizə pul ödəsin. Kompleksinstadionundan istifadəyə görə ödəniş edirik. Fonda yığılan pul stadionun icarə haqqına ancaq
çatır. Forma və inventar sarıdan da çətinliyimiz həll olunmamış qalır».
Cavanşir müəllim söhbət əsnasında 2 ildir ki, uşaqların təzə forma üzü görmədiyini söylədi.
Əvvəllər AFFA uşaqları forma və topla təmin edirdi. 2-3 ildir ki, bu yardım dayandırılıb. Yeri
gəlmişkən, AFFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Yusif Vəliyevdən
federasiya tərəfindən edilən yardımın dayandırılmasının səbəbini soruşduq. O, 2-3 il əvvələ kimi
təkcə «Həkəri»ni yox, yeni yaradılmış başqa uşaq komandalarını da top və forma ilə təmin
etdiklərini bildirməklə yanaşı hazırda liqalarda komandaların sayının çoxaldığını əsas gətirərək
bu yardımın dayandırıldığını söylədi: «AFFA-nın təşkil etdiyi yarışlarda 500-dən çox komanda
iştirak edir. Onların hər birini top və forma ilə təmin etmək o qədər də asan iş deyil. Doğrudur, 2-
3 il əvvələ kimi yeni yaranmış komandalara forma və top verirdik. «Həkəri» bizdən bir neçə dəfə
belə yardım alıb. O vaxt komandaların sayı az idi, daha çox ehtiyacı olanlara kömək edirdik. İndi
isə futbol kütləviləşib, komandaların sayı xeyli artıb. Təəssüf ki, bu il «Həkəri»yə forma və top
vermək planımızda yoxdur».
Şəxsi əlaqələri hesabına oradan-buradan köhnə formalar, işlənmiş inventar tapıb məşqləri
birtəhər yola verən Cavanşir müəllim «Həkəri»də istedadlı uşaqların az olmadığını da dedi:
«Başqa klubların akademiyaları onları istəyəndə əvəzində xahiş edirəm ki, bizə top və başqa
idman ləvazimatları versinlər. 2 ildən çoxdur ki, nəyinsə təzəsinə möhtacıq. İşlənmiş toplar, çırıq
«nakitka»lar, alabəzək formalar… Nə qədər belə davam edəcək, Allah bilir. Hamı futbolun
inkişafından danışır. Məgər inkişaf belə olur?».
«Həkəri»nin «şinel»indən hansı tanınmış futbolçular çıxıb?
Cavanşir müəllim düşünmədən ilk olaraq qapıçı Ruslan Poladovun adını çəkdi. Ruslan əslən
qubadlıdan olmasa da, futbola «Həkəri»də başlayıb. Hazırda «Sumqayıt»ın şərəfini qoruyan
əslən cəbrayıllı Bəxtiyar Həsənalızadə isə düz 5 il «Həkəri»nin formasını geyinib. «Həkəri»nin
futbolumuza verdiyi tövhələr… Çox da deyil, yox da deyil. Yeri gəlmişkən, Premyer Liqanın
«dadı»nı görmüş Tərzin Cahangirov, Murad Ağakişiyev, Bəhruz Zeynalov, Ramin Quliyev,
Təmkin Xəlilzadə əslən qubadlıdandır.
«Həkəri»nin acınacaqlı vəziyyətinə rəğmən Cavanşir müəllim həvəsdən düşmədiyini deyir.
Qubadlının işğal olunması ilə müqayisədə bu cür əziyyəti toy-bayram hesab edən
həmsöhbətimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və «Həkəri»nin
Qubadlıda fəaliyyətini davam etdirməsidir: «Qubadlını tərk etdiyimiz gün heç vaxt yadımdan
çıxmaz. 24 ildir ki, doğma yurd-yuvamızdan didərgin düşmüşük. Hərəmiz bir yerdə
məskunlaşmışıq. Qubadlıya qayıtmaqdan başqa ən böyük arzum nə ola bilər ki? İnanıram ki,
tezliklə torpaqlarımıza dönəcəyik və özümlə «Həkəri»ni də Qubadlıya apara biləcəm. Bir də bu
komandanın nə vaxtsa Premyer Liqada çıxış etməyini çox istəyirəm».
Qubadlı UGİM-nin futbol bölməsi yoxdur!
U-13 komandasının məşqini izləyərkən bir neçə istedadlı uşaq diqqətimizi cəlb etdi. Onlardan
ikisi – əslən qubadlıdan olan Murad Əliyev və Əmin Ağakişiyevlə xeyli söhbət etdik. Uşaqların
ən böyük arzuları «Qarabağ»da oynamaqdır. Komandanın son uğurlarına deyil, adına görə.
Qubadlını meşəli, dağlı, çaylı bir yer kimi təsəvvür edən bu uşaqlara verdiyim «Əgər siz
böyüyənə kimi müharibə davam etsə, nəyi seçərsiniz – futbolu ya döyüşü» sualına uşaqların
cavabları eyni oldu: «Atamız kimi döyüşməyi».
Allah sizə müharibə göstərməsin, bala! Siz böyüyənə kimi müharibə də qurtarar, Qubadlı da
daxil olmaqla bütün torpaqlarımız azad olar. Sizə isə futbol oynamaq qalar.
Qubadlının işğalından sonra rayon əhalisinin bir hissəsi respublikanın müxtəlif rayon və
şəhərlərində məskunlaşıb. Əksəriyyət isə Sumqayıtı özünə məskən seçib. Qubadlı icra
hakimiyyəti, polis şöbəsi və digər qurumlar məhz Sumqayıtdadır. Qubadlı UGİM də həmçinin.
Bahadur Həziyevin adını daşıyan məktəbdə olub futbol bölməsi ilə maraqlanmaq istəyirdik.
Lakin 2 məqam buna mane oldu. Birincisi, öyrəndik ki, UGİM-də cəmi 2 bölmə bar – voleybolvə güləş. Yəni, futbol bölməsi ümumiyyətlə, yoxdur. İkincisi isə, bir müddət əvvəl UGİM-in
direktoru işdən azad olunub və onun yerinə yenisi təyin edilməyib. Ümid edək ki, təyinat tezliklə
gerçəkləşər və yeni direktor məktəbin nəzdində futbol bölməsinin yaranmasına həvəsli olar.
Bəli, bu gün Qubadlının iki çayından biri olan Həkəridən adını götürən eyniadlı klubun məcburi
köçkün həyatından, problemlərindən, adı olsa da, özü yox kimi olan futbolundan söz açmağa
çalışdıq. Nə dərəcədə nail olduq, bunu deyə bilmərik. Əvvəldə dediyimiz kimi, “yox”dan
danışmaq çətindir. İnanaq ki, “Həkəri” komandası da elə o çay kimi bizdən xəbərsiz “axıb”,

getməz…

 

İlqar TAĞIYEV

“Het-trik news”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43