Ölkə futbolu

Paytaxt klubu yoldaşlıq görüşü keçirəcək

“Rəvan” Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşdıqdan sonra komandanın üzvlərinə 4 günlük istirahət verilib.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, baş məşqçi Şahin Diniyevin qərarına və planına əsasən komanda ayın 13-də bir araya gələcək.

Məşqləri bərpa etdikdən sonra isə futbolçular ardıcıl 4 gün Mərdəkandakı “Dalğa Arena”da çalışacaq. Məşqlər gündə 2 dəfə olmaqla keçiriləcək. Səhərlər baş tutacaq hazırlıq prosesi fiziki, axşam məşqləri isə taktiki-texniki yöndə olacaq.

Komanda milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən maksimum istifadə edərək yoldaşlıq görüşü də keçirmək niyyətindədir. Oyun noyabrın 17-nə planlaşdırır. Amma hələ rəqibin kimliyinə aydınlıq gəlməyib. Noyabrın 19-dan etibarən isə komanda sırf “Qarabağ”la oyunun hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Rəvan” oyunu noyabrın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43