Ölkə futbolu

“Qapımıza təyin edilən penalti şübhəlidir” – “Səbail”in oyunçusu

“Oyuna yaxşı hazırlaşmışdıq, mərhələni adlamaq istəyirdik. Rotasiyalar olması normaldır, 3-4 gündən bir oyuna çıxırıq. İlk hissədə çox yaxşı oyun göstərdik. Qol imkanlarımız da oldu. Təəssüf ki, yararlana bilmədik. İkinci yarı isə penalti və “qırmızı” hər şeyi dəyişdi”.

Bu sözləri idmanxeber.az saytına “Səbail”in futbolçusu Adil Nağıyev “Qəbələ”yə qarşı Azərbayca Kubokunun yarımfinal mərhələsinin cavab oyunu (0:1) barədə danışarkən deyib. O, görüşdəki hakim idarəçiliyindən də söz açıb: 

“Qapımıza təyin edilən pernalti şübhəlidir. Bizim də bir epizodumuz var idi. Hesabda geridə olanda Ağabala Ramazanovun zərbəsi Ruan Renatonun əlinə dəymişdi. Ancaq hakim görmədi, VAR müdaxilə etmədi. Sonra biz də epizoda baxmışıq. Qərarlar düzgün verilmir. Ən azından Əliyar Ağayev gedib monitora baxa bilərdi. Düzdür, qərarı baş hakim vermir, amma çağırılsa baxa bilərdi. Belə şeylər oyunumuza mane oldu. İkinci hissə də emosiyalar yüksək idi. Mən də matçın ardından əsəbi oldum. Topu sərt şəkildə kənara vurdum, ikincı sarı vərəqə aldım. Düzdür, səhv eləmişəm. Amma həmin an özümü idarə edə bilmədim. Sonra da Əliyar Ağayevdən üzrxahlıq etdim”.

Nağıyev kubok oyunlarında rotasiyaların nəticəyə təsir edib-etməməsinə isə belə cavab verib:

“İki cəbhədə də oynamaq çətindir. Kubokun ilk matçından sonra Premyer Liqada “Neftçi” ilə oynadıq, yaxşı da mübarizə apardıq. Dünən də pis oynamadıq. Sadəcə, azlıqda qalandan sonra oyun sındı, çətinlik çəkdik. Ancaq bunlar artıq geridə qalıb. Qarşıda “Qəbələ” ilə çempionat oyunu var. Çalışıb həmin görüşdə qələbə qazanacağıq. Çünki 3 xal bizə hava-su kimi lazımdır. Məqsədimiz Premyer Liqada qalmaqdır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43