Premyer Liqa

“Qəbələ” 1007 gündən sonra…

Azərbaycan Premyer Liqasının III turunun bu gün keçiriləcək oyununda “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq. 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən öncə baş tutacaq qarşılaşma rəqiblərin 9-cu dueli olacaq. 
“Qırmızı-qaralar” indiyədək 8 dəfə Gəncə təmsilçisi ilə üz-üzə gəlib. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində keçirilib. Bu oyunlar 3 mövsümə təsadüf edib. 2010-cu il oktyabrın 31-də rəqiblər arasında ilk qarşılaşma baş tutub. Həmin oyunda qalib müəyyənləşməyib – 0:0.
Ümumiyyətlə, 2010/11 mövsümündə komandalar 4 dəfə üz-üzə gəlib və bütün matçlar heç-heçə nəticələnib. Yalnız mövsümün 3-cü duelində – 7-12-ci yerlər uğrunda qarşılaşmada qol qeydə alınıb – 1:1. Digər 3 oyunda 0:0 hesabına təsadüf olunub. Qəbələdə vurulan ilk qolun müəllifi qonaqların qapısına yol tapan Murad Hüseynov olub. İlk 4 oyunda “Gəncə” adı altında çıxış edən rəqib sonradan “Kəpəz” adını qaytarıb. 
2011/12 və 2012/13 mövsümlərinin hərəsində iki dəfə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Bu 4 oyunun hamısında meydan sahibi olan komanda qalib gəlib. Ümumilikdə rəqiblərin hərəsinin iki qələbə qazandığı duellərdə 4 bərabərlik qeydə alınıb. Top fərqində “qırmızı-qaralar” üstündür – 7:5. Bu 12 qola ümumilikdə 11 futbolçu imza atıb. Yalnız gəncəlilərin braziliyalı hücumçusu Junivan Suares 2 dəfə fərqlənib. “Qəbələ” evdə keçirdiyi 4 oyundan ilk ikisində heç-heçə edibsə, sonrakı qarşılaşmalarda eyni hesabla qalib gəlib – 2:0. “Qəbələ”nin son 3 ev oyununda 2 qol vurulub. Məhz “Qəbələ”nin meydan sahibi olduğu qarşılaşma rəqiblərin son dueli olub. Həmin matçdan 1007 gün sonra rəqiblər yenidən üz-üzə gələcək.


2010/11. Premyer Liqa
31.10.2010. “Gəncə” – “Qəbələ” – 0:0
2010/11. Premyer Liqa
27.02.2011. “Qəbələ” – “Gəncə” – 0:0
2010/11. Premyer Liqa
02.04.2011. “Qəbələ” – “Gəncə” – 1:1
Murad Hüseynov, 26 // Junivan Suares, 56
2010/11. Premyer Liqa
12.05.2011. “Gəncə” – “Qəbələ” – 0:0
2011/12. Premyer Liqa
16.10.2011. “Qəbələ” – “Kəpəz” (Gəncə) – 2:0
Deon Barton, 41; Dodo, 53
2011/12. Premyer Liqa
07.03.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” – 3:2
Sabir Allahquliyev, 72; Yuri Fomenko, 75; Junivan Suares, 87 // Lyuba Baranin, 32; Yannik Kamanan, 85
2012/13. Premyer Liqa
15.09.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” – 1:0
Bəxtiyar Soltanov, 41 
2012/13. Premyer Liqa
19.11.2012. “Qəbələ” – “Kəpəz” (Gəncə) – 2:0
Viktor Mendi, 61; Rəşad Abdullayev, 66 (p.)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43