Premyer Liqa

“Qəbələ” ilk dövrəni lider kimi tamamladı

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

İdmanxeber.com  xəbər verir ki, “Qəbələ” ötən mövsümdə olduğu kimi ilk dövrəni lider kimi başa vurub. VII turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar”ın liderliyi iki seriya ilə müşayiət olunur.

Ağdam klubu ilə görüşdə “Qəbələ” ardıcıl 5-ci qələbəsini qazanıb. Bu, klub tarixində 2-ci belə seriyadır. Komanda yalnız 2014/15 mövsümünün ikinci yarısında daha çox – 8 qələbəni sıralamışdı. 5 oyunluq qələbə seriyası həm də cari mövsüm heç bir klubun bacarmadığı göstəricidir.

“Qəbələ” eyni zamanda quru seriya ilə diqqət çəkir. Mövsümün qol buraxmayan yeganə komandası olan “qırmızı-qaralar” Premyer Liqanın ilk 7 turunda qol buraxmamaqla Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. İndiyədək yalnız 2010/11 mövsümünün startında qol buraxmayan “Xəzər Lənkəran” bunu bacarmışdı.

Ümumilikdə isə ötən mövsümün XXXIV turunun “Qarabağ”la matçından (0:2) sonra qapısını toxunulmaz saxlayan “qırmızı-qaralar” 9 oyundur qol buraxmır. Bu, ölkə çempionatları tarixinin 5-ci nəticəsinin təkrarı, “Qəbələ”nin 2-ci göstəricisidir. Komanda 2010/11 mövsümündə ardıcıl 10 matçda qol buraxmamışdı. Bu rekordu təkrarlamaq üçün “qırmızı-qaralar” növbəti turun “İnter”lə görüşündə qol buraxmamalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43