Dünya futbolu

Reynaldo: “Qarabağ”dan ayrıldığıma görə peşmanam”

Reynaldo “Qarabağ”dan ayrılması barədə danışıb.

Ötən gün “Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silvanın Bakıya gəldiyi xəbərini vermişdik. Futbolçu Bakıya gələr-gəlməz “Qarabağ”ın bazasına yollanaraq oradakı dostlarına baş çəkib. “Xəzər TV”yə müsahibə verən brazilyalı oyunçu maraqlı açıqlamalar edib. O, Ağdam təmsilçisindən pula görə ayrılmadığını bildirib:

“Millətlər Liqasına görə yaranan fasilədən istifadə edib Azərbaycana gəldim. Mənim burda çoxlu dostlarım var. Və burada sevildiyimi bilirəm. “Qarabağ”dan pula görə ayrıldığım barədə çıxan söz-söhbətlər doğru deyil. Mən burada da yaxşı pul qazanırdım. Ancaq Türkiyədən gələn təklif mənim daha böyük klublara keçməyim üçün fürsət idi. Mən klubdan ayrıldıqdan sonra “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandı. Hər futbolçu kimi mən də orada oynamaq istəyərdim.  Etiraf edim ki, “Qarabağ”dan ayrıldığıma görə peşmançılıq hissi yaşayıram. Ancaq neyləmək olar, futbolda bəzən belə şeylər olur. Hazırda “Aktobe” ilə müqaviləm var. Amma onu deyim ki, “Qarabağ”da özümü çox rahat hiss edirdim. Bu il də olmasa, nə vaxtsa yenidən bura qayıtmağı istərdim”.

Qeyd edək ki, Reynaldonun “Aktobe” ilə olan müqaviləsi gəlin ay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43