Ölkə futbolu

Samir Əliyev: “Çempionatın hər turunda bu futbolçulara şans verəcəyik”

“Neftçi”nin əvəzedici komandasının baş məşqçi Samir Əliyev yeni mövsümün açılış turunda qarşılaşdıqları AZAL-la oyundan sonra klubun rəsmi saytına danışıb.

İdmanxeber.com-un məlumatına görə, 2:1 hesablı qələbəyə sevinən “ağ-qaralar”ın çalışdırıcısı bunları söyləyib: “Mövsümün ilk oyunu həmişə çətin keçir. AZAL-la oyunumuz da gərgin və maraqlı alındı. Heyətimizdə olan 9 nəfər 1999-cu il təvəllüdlü futbolçulardan 3-nü start heyətində meydana buraxmışdıq. Oyunun gedişində daha 2 futbolçuya şans verdik. Ümumiyyətlə, komandamızda cəmi 1 nəfər 20 yaşlı futbolçu var ki, o da qapıçı Sənan Əlizadədir. İkinci qapıçımız isə 16 yaşlı Nail Alışovdur. Qalan uşaqların hamısı 1997-ci il təvəllüdlü və daha gənc futbolçulardır. Təbii ki, heyəti gənc futbolçulardan qurmuşuqsa, deməli, sırf nəticəyə oynamırıq. Əsas məqsəd bu futbolçuları A komandası üçün mümkün qədər tez hazırlamaqdır. Çempionatın hər turunda bu futbolçulara şans verəcəyik. Daha çox çalışsalar, inanıram ki, tezliklə əsas komandaya çağırılacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43