Kateqoriyasız

“Sumqayıt” nə vaxtsa çempion olub?” – Aleksey Baqa

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 6-cı turunun oyununda doğma meydanda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məqşçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:

– Nəhayət ki, ilk qolumuzu vurduq. Amma qolu tez vurmaq bizə o qədər də yaxşı təsir etmədi. İlk hissənin sonunda qapımızda qol gördük, sonra da oyunu dəyişə bilmədik.

– Bu gün çempionatın autsayderini məğlub edə bilmədiz. Komandanın dirçələcəyinə inanırsız?

– Dirçəliş nəyə deyirsiz? “Sumqayıt” nə vaxtsa çempion olub? Başa düşürəm ki, hazırda pozitiv məqamlar azdır. Amma çalışacağıq ki, bu məqamları düzəldək. Məşqçidən tutmuş oyunçulara qədər hamımız birlikdə komandanın yaxşı oynaması üçün çalışmalıyıq.

– Nə vaxt istefa verəcəksiz?

– Belə bir şey baş versə, hamınız görəcəksiz. Amma indiki məqamda bunu deyə bilmərəm.

– Belə bir fikir var ki, legionerləri siz seçməmisiz, rəhbərlik transfer edib. Bu haqda nə deyə bilərsiz?

– Şaiyələr barədə mənim nəsə deməyim doğru deyil. Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. Mənim işim komandanı məşq etdirməkdir. Legionerləri sadəcə baş məşqçi seçmir. Rəhbərlik, skautlar və biz birlikdə qərar veririk. Kiminlə müqavilə imzalanıbsa, mənim də fikrim soruşulub. Hamımız birlikdə qərar veririk.

– Üç real qol vəziyyətindən futbolçularınız yararlana bilmədi. Bu, bəxtsizlikdir, yoxsa ustalıq səviyyəsinin aşağı olması?

– Bunu sadəcə bəxtsizliyə bağlamaq düzgün olmaz. Çünki, bura peşəkar klubdur və altıncı turdur ki, qol vura bilmirik. Bunun kompleks səbəbləri var. Bəzən rəqib qapıçı və müdafiəçilər yaxşı oynayır. Peşəkar futbolda bunu bəxtsizliklə əlaqələndirmək düzgün deyil.

– İndiyə kimi çalışdığınız klublarda belə vəziyyətlə üzləşmisiz?

– Belə vəziyyətlə ilk dəfədir ki, rastlaşıram. Çalışacağıq ki, vəziyyətdən çıxaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43