Dünyadan

“Zenit”in baş məşqçisi: “Ramil Şeydayev Rusiyadan getməyinə peşman olub”

“Zenit”in gənclər komandasının baş məşqçisi Boris Rapoport klubun yetirməsi olan, hazırda “Trabzonspor”da çıxış edən millimizin üzvü Ramil Şeydayev haqda fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına  görə, mütəxəssis futbolçumuzun Rusiyanın “Arsenal” klubuna mümkün keçidi barədə də danışıbb:

“İndi Ramil Şeydayev Türkiyədə legioner həyatı yaşayır. Bu, Rusiyaya qayıdacağı halda artıq ona mənfi təsir göstərəcək. O, “Trabzonspor”u seçməklə, demək olar ki, 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula “Arsenal”ına kömək edə biləcək.  O, bu komandaya lazımdır”.

B.Rapoport R.Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməyə peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:

“Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil Rusiyadan getməyinə peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön plana, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə “Zenit”də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43