“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl “Qöteborq”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Hamımız çox sevincliyik. Hamınızı təbrik edirəm. İnanırdıq. Doğrudur, gərginlik də var idi, ancaq bu, inamızın önünə keçməmişdi. Futbolçuların, Qurban müəllimin əməyinə sağlıq, sizlər də çox sağ olun.
– Bu il də stadionun ot örtüyü pis vəziyyətdə idi…
– Haqlısınız, sizinlə razıyam, ancaq hava şəraitindən hamımız xəbərdarıq. İndi də hər kəs su içindədi. Bu il temperatur və rütubət gözləniləndən daha çox oldu. Hardasa, 38-40 dərəcə orta istilik var idi. Bütün meydanlarda təəssüf ki bu problem var. Biz də istərdik ki, daha yaxşı olsun, daha rahat oynayıb, çox qol vuraq.
– Qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsi ehtimalı varmı?
– Hələ bu barədə danışmaq çox tezdi. Biz istəyirik ki, ən yaxşı variantı həyata keçirək. İnşallah komandamız üçün ən yaxşı şəraiti yaradacağıq.
– Tahir bəyi oyunda görmədik…
– Tahir bəy işgüzar səfərdədi. Oyunboyu əlaqə saxladıq. Matçı TV-dən izləyirdi. Hamıya salamlarını və təbriklərini yolladı.
– Qrup mərhələsində “Mançester Yunayted”, “Fənərbaxça” kimi komandalarla ilə üz-üzə gələ bilərik?
– Mənim seçməyimlə deyil. Mənim tək istəyim qrup mərhələsindən də çıxıb mübarizəni davam etdirməkdi.
– Yeni transfer olacaqmı?
– Bu məsələlər Qurban müəllimin səlahiyyətindədi.
– Bu qələbəni kimə həsr edirsiniz?
– Təbii ki, Azərbaycana xalqına.(Klub saytı)

