26 İyul 2026
Ölkə futbolu

20 günlük komandanın yüksəlişi

“Araz-Naxçıvan” mövsümün startında ən çox tənqid edilən klub idi. İdarəçilik baxımından kifayət qədər uğursuz xətt cızan komandanın heyəti çempionatın başlamasına 15-20 gün qalmış yığıldı. Tez-çaparaq heyətə cəlb edilən oyunçularla haqlı olaraq klubun aqibətinin yaxşı olmayacağı iddia edilirdi. Bir yandan da komandanın evdən uzaq düşməsi, Naxçıvanda stadionun, şəraitin Premyer Liqa səviyyəsində olmaması “Araz-Naxçıvan”a debüt etmədən mənfi rəylər gəlməsinə səbəb idi. Klubdakı bəlirsizlik hətta ictimaiyyətdə “bunların Premyer Liqada nə işi var?” dərəcəsinə çatmışdı. Komanda mövsümə belə çətin və sərt tənqidlər fonunda başladı. Və nə başladı…

Həqiqətən də debüt ilində ciddi hədəflər iddiasında çıxış etmək cəsarət tələb edir. Meydandakı nəticələri, komandanın arsuzunu, oyununu birbaşa baş məşqçi Azər Bağırova yazmaq olar. Tez bir vaxtda yığılan heyəti çempionata kökləmək, qısa müddətdə bəlli bir sistem formalaşdırmaq çox çətin məsələdir.

Siz istənilən qədər doğru transferlər edə bilərsiniz. Amma onlardan düzgün istifadə etmək, az vaxtda nəticəyə kökləmək baş məşqçi bacarığıdır. Etiraf edək ki, Bağırov yaratdığı komanda ilə rəhbərliyin üzərindəki yükü götürüb. Əgər bu gün klub Azərbaycan futbolundakı klassik yanaşma olan “15-20 futbolçu alıb və önlərinə top atmaq” “fəlsəfəsi” ilə tənqid olunmursa, səbəb meydanın kənarındakı rəhbərdir.

Əlbəttə, uğur zəncirvaridir və yuxarıdan aşağıya enir. Ancaq bəzən belə hallar da olur. Bunun üçün isə istisna işlər üçün müstəsna şəraitdə çalışmaq lazımdır. Neqativə, problemə köklənməmək, əldəki imkanla maksimumu ortaya qoymağa çalışmaq şərtdir. Rəhbərlik bu uğur zolağına qoşulması üçün Naxçıvandakı şəraiti bərpa etməli və klubu öz evinə aparmalıdır. Mövcud gedişat həll olunmayan ana problemin üstünü örtməməlidir. Naxçıvan da böyük futbola qayıtdığını hiss etməlidir.

Necə deyərlər, hələlik Arazın “bu tayı” – məşqçilər heyəti vəzifəsinin öhdəsindən gəlsə də, Arazın “o tayı” – rəhbərlik üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Qısa vaxtda görülən uğurlu nəticənin sonunu da yaxşı bitirməyin yolu klubu Naxçıvana aparmaqdan keçir. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43