Ölkə futbolu

4 yüz faizli qol imkanımız oldu” – Şahin Diniyev

“Cinahların qarşısını almağa çalışdıq. Buna uyğun heyət qurmuşduq. Kreativ oyunçularımız bu gün yox idi. Bu, bizə problemlər yaradırdı. Birinci hissədə özünəinam olmadı. Futbolçuların qorxu, təzyiq altında oynaması məni narahat etdi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 0:3 hesabı ilə udzuduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“İkinci hissədə meydanda futbol oynamağa çalışdıq. Belə komandalarla oyunda qol şansların az olur. Amma bu gün 4 yüz faizli qol şansımız oldu. İstifadə etsəydik, hesab başqa cür olacaqdı. Demirəm, udacaqdıq. Amma vəziyyət fərqli olardı. Sevindirici haldır ki, “Qarabağ” kimi komanda ilə oyunda qol epizodları yaratdıq”.

O, turnir cədvəlində sonuncu olmalarına baxmayaraq, ruhdan düşmədiklərini söyləyib: “Fakt odur ki, sonuncu pillədəyik. Amma ruhdan düşmürük, ikinci hissədəki oyunun davamı gələrsə, layiq olduğumuz yerdə olacağıq. Məncə, indi layiq olmadığımız yerdəyik. İnanıram ki, uğurlu nəticəyə imza atacağıq”.

“Səbail”in çalışdırıcısı pis günün ömrünün az olacağına inanır: “İntizam baxımından problemimiz yoxdur. Futbolçu uduzursa, motivasiya etmək çətindir. Futbolçularla psixoloji söhbətlər aparırıq. Pis günün ömrü çox az olacaq. Zədəlilərimiz qayıtdıqdan sonra hücumda daha yaxşı oynamağa çalışacağıq. Buraxılan qollar asandır. Bu, məni narahat edir. Bu təzyiqin altından çıxacağıq. Psixoloji dəstək bizə çox vacibdir”.

O, “Neftçi” ilə görüşdə rəqib qapısına 19 zərbə endirdiklərini xatırladıb: “Bu gün ilk hissədə Qomis rəqib qapısına zərbə vurdu, İkinci hissədə də zərbələr oldu. Rəqib nə qədər imkan verirsə, o qədər zərbə vurursan. Qapıya zərbə hücumun tamamlanması deməkdir. “Neftçi” ilə oyunda biz qapıya 19 zərbə vurduq, rəqib isə 6 zərbə. Amma fakt odur ki, uduzduq. Qapıya zərbələrdən çox keyfiyyət lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43