Bakının “İnter” klubu “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbayan Premyer Liqasının XXXV turunda 2:1 hesablı ev qələbəsi qazanan paytaxt təmsilçisi bunadək 18 oyun idi ki, rəqibinə qalib gələ bilmirdi.
2010-cu il sentyabrın 11-də öz meydanında 1:0 hesabı ilə qələbə qazanan “İnter” 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində Ağdam təmsilçisini məğlub etməyi bacarmayıb. Bu müddətdə 8 heç-heçə edən “İnter” 10 dəfə uduzub. 5 ilə yaxın qələbəyə həsrət qalan Kaxaber Sxadadzenin komandası 1714 gündən sonra “Qarabağ”a qalib gəlib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində eyni rəqiblə oyunlardakı ən uzun qələbə həsrəti MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi keçirdiyi bütün oyunlarda – ardıcıl 22 qarşılaşmada “Kəpəz”ə qalib gələ bilməyib.