Xəbər verdiyimiz kimi, ötən gün Birinci divizionun son turunda MOİK öz meydanında "Şahdağ"a 9:1 hesabı ilə qalib gəldi.
Maddi problemlərə görə bu oyunu boykot edən Qusar klubunun futbolçularından yalnız 10 oyunçunu baş məşqçi Adil Mahmudov dilə tutaraq matça çıxara bilib. Çalışdırıcı ilə baş tutan kiçik dialoqumuzda da bir neçə məsələyə toxundu:
– Sizi 9 nəfərlə meydana çıxmağa kim vadar etdi ki, sonda da belə nəticə alınar?
Mən bu uşaqlarla, özümlə fəxr edirəm. Biz çempionuq! 3 dəfə çempion olan komandanı udmuşuq. İstəmirdim ki, kimsə bizə pis baxsın. Son 1 oyun idi, xahiş etdim uşaqlardan, bəziləri yerə salmadı. 9 nəfərlə meydana çıxdıq, kişi kimi mübarizə apardıq.
– MOİK-in baş məşqçisi Müşviq Qənbərov deyir ki, 10 nəfərlə mübarizə aparmısız.
Xeyir, 8 idi.
– 8 futbolçu ilə?
– Hə
– Bəs az öncə 9 dediniz?
Bəli, qapıçı qarışıq 9 futbolçu
– Qapıçı futbolçu deyil? (gülür)
Oynayan futboçuları nəzərdə tutdum. (gülür)
– Bəs niyə Qənbərov 10 deyir?
Bilirsiz, 9 nəfərlə meydana çıxdıq. Hesab 0:3 olanda bir futbolçu da sonradan oyuna qoşuldu
– O zaman niyə sonradan oyuna gələn 10-cu futbolçu sizinlə eyni vaxtda matça gəlmədi?
Xəstə idi, temperaturu var idi. Zəng elədim ki, dur gəl.
– Əgər meydana çıxmasaydız 0:3 hesablı texniki məğlubiyyət veriləcəkdi. Hər halda 0:3 1:9-dan yaxşıdı
Yox, mən məğlub olmağı xoşlamıram. Bu məğlubiyyət deyil, bu mənim qələbəmdi. İnanın komanda 9 aydı maaş almır. Bu "ac komanda"nın 1 xalı olanda götürmüşəm. İndi isə 30 xalı var. "Ağsu", "Neftçala", "Qaradağ Lökbatan"ı məğlub etmişik. 3 çempion komandanı.
– MOİK də sizə güzəştə getmədi. 9 nəfərlə meydana çıxdınız, qapınızda 9 qol gördünüz.
Mən bununla fərx edirəm. Qusar klubunun tarixində ilkə imza atdım. 3 çempion komandanı məğlub etdim. Onlara gəlincə… Hmaısı şəhər uşaqlarıdı, özləri başa düşməli idi. Mən deyəsi deyildim ki…
– Yəqin bu gedişlə yeni mövsümdə "Şahdağ"ı divizonda görməyəcəyik…
Hələlik heç nə məlum deyil. Lakin mən yenə bu komandada "ac" işləməyə hazıram. Qusarlı fanatlara görə. O bölgənin çox gözəl azarkeşləri var. Klub prezidenti Ərəstun Niftiyevin əziyyətini xüsusi qeyd etməliyəm.
Səxavət

