“Oyun barədə çox danışmaq istəmirəm. Ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var ki, burada onu müzakirə etmək istəmirəm. Qarşıda dörd oyunumuz var. Komanda şəklində bu oyunlara köklənib, daha yaxşısını etmək məcburiyyətindəyik”.
İdmaneber.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la (0:5) matçından sonra “Qəbələ”nin çalışdırıcısı mətbuat konfransında iştirak edib. O, komandasının böyükhesablı məğlubiyyətini şərh edib.
– Mətbuatda “Qəbələ”də maliyyə problemi olduğu yazılır. Yazılanlara görə, AFFA vəd etdiyi vəsaiti ödəməyib. Bu, doğrudu?
– Bunu burada müzakirəyə çıxarmaq istəmirəm. Bu durum da bizi sıxır. Özü də çox. Amma inanıram ki, hər şey yoluna qoyulacaq və komanda kimi toparlanıb daha da yaxşısını edəcəyik.
– Bir neçə tur əvvəl “Sabah”dan 7 xal öndəydiniz. Maliyyə problemləri isə həmin vaxtlarda qabarmağa başladı. Sizdə elə təəssürat yaranmır ki, bunu bilərəkdən etdilər ki, komandada sıxıntı yaşansın və “Sabah” bundan ruhlanaraq 4-cü kimi avrokuboklara vəsiqə qazansın?
– Kiminsə fikrini müzakirə etmək istəmirəm. 15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli, cəzalı olması oyunlarımıza təsir edir. Futbolda xırdalıq olmur, hər bir nüans komandaya təsir edir. İstənilən halda ruhdan düşmürük. İnanıram ki, komanda olaraq artığını edərək, çempionatı sona çatdıracağıq.