Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borqes bu ada layiq görülüb.
Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kubokunun saat 11:00-da başlanacaq “Suqovuşan” – “Xocalı” oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.
Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.
“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.
Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borqes 47 səslə birinci yeri tutub. 26 yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.
“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub.
Üçüncü yeri isə “Sabah”da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.
Zubir bütün səsləri həmkarlarından alıbsa, baş məşqçilərdən biri İsayevi ən yaxşı futbolçu hesab atıb.
Qalan baş məşqçilərdən 2-si “Neftçi”dən Emin Mahmudova, 2-si isə “Qarabağ”dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.
Bundan başqa, Mahmudov 12, Adrade 9, Elvin Camalov (“Sabah”) 8, Azər Salahlı (“Neftçi”) 7, David Volkov (“Zirə”) 6, Qismət Alıyev (“Zirə) Murad Musayev (“Qəbələ”) hərəyə 5, Tiaqo Bezerra (“Neftçi”), Qara Qarayev (“Qarabağ”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) hərəyə 4, Vüqar Mustafayev (“Sumqayıt”), Filip Ozobiç (“Qarabağ”) və Con-Lens Mikels (“Sabah”) hərəyə 3, Asif Məmmədov (“Qəbələ”), İsmayıl İbrahimli (“Qarabağ”), Məqsəd İsayev (“Qəbələ”), İsnik Alimi (“Qəbələ”) hərəyə 2 səs yığıblar.
“Qarabağ”dan İbrahima Vadji, Abbas Hüseynov, Ramil Şeydayev və Maksim Medvedev, “Qəbələ”dən Nicat Mehbalıyev, Ülvi İsgəndərov və Ehtiram Şahverdiyev, “Sumqayıt”dan Tellur Mütəllimov, Araz Abdullayev və Vurğun Hüseynov, “Neftçi”dən Sezar Meza Kolli və Aqil Məmmədov, “Zirə”dən Mehdi Cənnətov və Nail Alışov, “Səbail”dən Nikolas Raysel və Ədilxan Qarəhmədov, “Sabah”dan Zurab Oçiqava və “Şamaxı”dan Şəhriyar Əliyev hərəyə 1 səs toplayıblar.
Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İdman Araşdırmalar Mərkəzi 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020) və hazırda Türkiyə “Bursaspor”unun formasını geyinən Namik Ələskərov (2020/2021) ən yaxşı seçilib.