13 İyul 2026
Ölkə futbolu

“Ayzaya tovuzlulara hörmətsizlik etmədiyini bildirir” – “Kəpəz”in kapitanı

“Kəpəz”in kapitanı Yusif Nəbiyevin idmanxeber.az saytına müsahibəsi

-Cari mövsüm ilk dəfə “Turan Tovuz”u məğlub etdiniz. Oyun barədə fikirlərini bildirərdin.

-Qələbə qazandığımız üçün çox sevincliyik. Düzdür, oyun istədiyimiz kimi getmədi. Amma əsas odur ki, qalib gəldik. “Turan Tovuz” çox yaxşı komandadır. Mövsüm ərzində onlara qarşı oyunumuz alınmırdı. Amma bu səfər bacardıq. Çətin olsa da, qalib gəldik.

-Rəqib azlıqda qalsa da, bəzən sizdən üstün görünürdü. Səncə bunun əksi olmalı deyildi?

-Açığı, rəqibin “qırmızı” almasından sonra arxayınlıq oldu desəm doğru olmaz. Ancaq düz deyirsiniz, əslində oyunda bizim üstünlüyümüz olmalı idi. Top bir az onlar, bir az da biz tərəfdə olurdu.  Rəqib dominantlıq elədi desək, yalan olar. Sadəcə, bizim oyun planımız düz getmədi. Ancaq yenə də qalib gəldik. Nəticə olandan sonra qalan şeyi düzəltmək asandır.

-Oyunun ardından dərhal ara qarışdı. Nə baş vermişdi?

-Ümumi götürsək, derbilərdə belə hallar olur. Bəzi xoşagəlməz hallar yaşansa da, bunlar futbolun gözəlliyidir. Tovuzdakı oyunda da söz-söhbət olmuşdu. Ancaq sonra yaddan çıxdı. Bu da bir müddət sonra unudulacaq. Əsas odur ki, oyunda olan meydanda qalmalıdır. Bəzi şeyləri böyütməyə ehtiyac yoxdur. Çünki hər kəsin özünə görə doğruları var.

-“Turan Tovuz”un futbolçuları Ahmet Ayzayanın qeyri-etik jestinə çox təpki göstərdilər. Hətta oyundan sonra sənlə Kamal Bayramov arasından bunun söhbəti də oldu…

-Açığı, onun nə etdiyini görməmişəm. Nəsə edib rəqib oyunçular da əsəbləşiblər. Artıq Ayzayanın özü ilə danışılıb, hər şey ona izah edilib. O deyir ki, Tovuzda da ona qarşı nəsə ediblər. Həqiqətən necə bir jest etdiyini görmədim. Ancaq Ayzaya tovuzlulara hörmətsizlik etmədiyini bildirir. 

-Qəbələdəki qazonu nəzərə alsaq, Gəncədən uzaq düşmək sizin lehinizədir, yoxsa əleyhinizə?

-Əlbəttə, əleyhimizədir. Söhbət tək qazondan getmir. Bəli, burada hər şey idealdır. Ancaq azarkeşlərimiz önündə oynamaq tamam başqa hissdir. Əgər Gəncəni təmsil ediriksə, orda da oynamalıyıq. Hazırda stadionumuzda işlər gedir, yaxın vaxtlarda düzəlməlidir.

-Bir müddət öncə klubda maaş problemlərinin olduğu deyilsə də, “Kəpəz” kifayət qədər yaxşı çıxış edir. Bunlar sanki çox təsir etmir komandaya…

-Maaş problemi bütün klublarda olur, hazırda hər şey qaydasındasdır. Pullarımızı almışıq. Ancaq belə şeylər bizim çıxışımıza təsir etmir. Hər şey pul demək deyil. Biz gənc futbolçularıq, özümüzü ölkəyə tanıtmaq istəyirik. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacarıb-bacarmayacağımızı mövsümün sonunda görəcəyik. Komandada heç bir rahatlıq olmamalıdır. Alt sıralarda hamının xalları bir-birinə yaxındır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43