17 İyul 2026
Ölkə futbolu

“İnanıram ki, geridönüş edə biləcəyik” – Laurentsiu Regekamf

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Turan Tovuz”a məğlub olub (1:0).

İdmanxeber.az-ın məlumatına görə, oyunu ardından “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf qarşılaşma sonrası görüş barədə fikirlərini bildirib:

“Nəticə və oyuna görə xoşbəxt deyiləm. Vəziyyəti çox çətinləşdirdik, səviyyəmizə uyğun çıxış etmədik. Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik”.

Rumıniyalı mütəxəssis bildirib ki, cavab qarşılaşmasında hər şey ola bilər: “Bu gün rəqibin etdiklərini biz edə bilmədik. Amma komandama 100 faiz inanıram. Ümumi vəziyyəti xeyrimizə dəyişə bilərik. Daha konsentrasiyalı oynamalıyıq. Bu cür vəziyyətlərə öyrəşmişik. İnanıram ki, geridönüş edə biləcəyik”.

Onun sözlərinə görə, məğlubiyyətə bir çox amil səbəb ola bilər: “Bunlardan biri örtüyün süni olmasıdır. Bu barədə futbolçularımla çox danışıram. Əslində səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Ən azından döyüşməliydik. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də qollar vurmalıyıq. “Bakcell Arena”da nə baş verəcəyini bilirik. Öz oyunumuzu oynamağa çalışacağıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43