15 Yanvar 2025
Ölkə futbolu

“Turan Tovuz” Bakıya “ordu” ilə gəlir

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, tovuzlu tərəfdarlar “Neftçi” ilə görüşə böyük maraq göstərirlər. Klub rəhbərliyi  “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya azarkeşlərin gəlməsi üçün avtobuslar ayırıb.

Əgər maraq daha da artarsa, rəhbərlik avtobus sayının artırılmasını da təşkil edəcək. Bakıda yaşayan tovuzlu tərəfdarların da stadionda olacağı və sevimli komandalarını tək qoymayacağı bildirilib.

“Turan Tovuz”un mətbuat xidmətindən saytımıza bildirilib ki, “Neftçi” tərəfindən qonaq tribuna üçün ayrılan 800 nəfərlik biletlərin tamamının tükənəcəyi gözlənilir.

Xatırladaq ki, Tovuz təmsilçisi ilk oyunda rəqibini doğma meydanda 1:0 hesabı ilə məğlub edib. Tərəflər arasındakı cavab görüşü isə sabah saat 20:00-da start götürəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43