“Qarabağ”ın yarımmüdafiəçisi Joni Montiel UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə qolsuz bərabərə qaldıqları (0:0) oyundan sonra görüş barədə fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu bildirib ki, ilk təsnifat mərhələsində iştirak ərizəsində yer almaması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir:
“Görüşün çətin keçəcəyini gözləyirdik. Belə də oldu. ÇSKA bərk komandadır. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oyun sərgilədik. Hər şey cavab matçında həll olunacaq.
Bu müddət ərzində haqqımda çox xoşagəlməz xəbərlər yayıldı. Onların heç biri həqiqətə uyğun deyildi. Xüsusən də nizam-intizama riayət etmədiyim barədə deyilənlər tamamilə yalandır. Belə xəbərlərin yayılması həm mənə, həm də ailəmə pis təsir edir. İndiyə qədər heç bir klubda nizam-intizamla bağlı problemim olmayıb. İlk mərhələdə adımın sifariş vərəqəsinə daxil edilməməsi baş məşqçinin qərarı idi. Komandada futbolçu çoxdur və kimin heyətdə yer alacağına baş məşqçi qərar verir.”
Montiel hazırda fiziki cəhətdən tam hazır olmadığını da etiraf edib:
“Ötən mövsümün sonunda zədə aldım və əməliyyat olundum. Buna görə də yay hazırlığına gec qoşuldum. Formamı tam bərpa etmək üçün davamlı oynamağa ehtiyacım var. Hazırda sadəcə zamana ehtiyac duyuram.”
28 yaşlı yarımmüdafiəçi yay transferlərindən sonra əsas heyətdəki yerini itirməkdən narahat olmadığını da vurğulayıb:
“Komandaya çoxlu yeni futbolçunun gəlməsi rəqabəti artırır və bu, yalnız komandanın xeyrinədir. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdir. Kimin oynayacağına isə baş məşqçi qərar verir.”

