30 Sentyabr 2024
Ölkə futbolu

Reallıqları görmək istəməyənlər

Ölkə futbolunda idarəçilik sahənin ən yaralı yerlərindədir. İllərdir futbolumuzdakı uğursuzluqların başlıca səbəbi düzgün qərarların verilməməsi və ya uğurlu işləri həyata keçirəcək peşəkarların çox az sayda olmasıdır. Dəfərlə müşahidə etmişik ki, hər hansı bir klubumuzda və ya ölkə futbolu ilə bağlı səlahiyyətli qurumda müsbət yöndə sadə dəyişikliklərə belə həddin artıq təriflər gəlir. Bunun səbəbləri qətiyyən kiməsə yaranmaq və ya özünü gözə soxmaq olmur. Sadəcə, futbol ictimaiyyətimiz yerində verilən düzgün qərarlara, peşəkar davranışlara “ac” qalıb. Biz dəfələrlə qarşımızda “kolxoz sədri” ağzı ilə danışan federasiya nümayəndəsi, peşəkarlıqdan uzaq açıqlamalar verən klub rəsmiləri görmüşdük. Son illərdə nisbətən bu adi şeylərin müsbətə doğru dəyişikliyi sahənin inkişafa doğru yönəldiyi ümidini artırıb. Futbolun ayağa qalxması, inkişaf etməsi mütləq peşəkar və sahəyə yad olmayanlar tərəfindən həyata keçirilməlidir.  

Əlbəttə, vəziyyətin belə olması heç də hamı üçün sərf etmir. Bir sahənin inkişafı üçün yalnız onu idarəedənlər deyil, futbolun içində olan hər kəs öz baxış buucağını dəyişməyi bacarmalı və qətiyyən hay-küy üzərində qalmamalıdır. Əgər vəziyyət belə olmasa, heç vaxt ağı qaradan seçə bilməyəcəyik.

Son vaxtlar isə ölkə futbolunda yenə qəribə hadisələr, planlı hərəkətlilik yaşanır. Sanki bir qrup aktiv fəaliyyətə keçərək işıq gələn yerə barmaq cəhdindədir. Bu planlı məqsədlərin həyata keçməsi isə tək şeylə mümkündür: azarkeşlərin hisslərini oğurlamaq. Bunu uğurlu bacaranlar vəziyyəti öz xeyirlərinə dəyişsə də, fikirləri yanlış istiqamətə yönləndirirlər. 

Qısa vaxt öncə Tovuzda qəfil baş məşqçi Ayxan Abbasovun istefaya səslənməsi buna misaldır. Yerli tirbunanın üçdə biri buna alət olsa da, əksəriyyəti vəziyyəti dərhal başa düşüb “iş”dən çıxa bildi. Nəticədə düzgün mövqe seçilərək fikirlərin yenidən meydana qayıtmasına nail olundu.

Bu cür əcaib durum indi də “Kəpəz”in həndəvərində var-gəl edir. Səbəb bilinməzkən rəhbərlik yerli-yersiz tənqid olunur və hətta hazırkı idarəçiliyin klubun tək problemi kimi göstərilir. Əvvəla, hazırda Gəncə təmsilçisində hər hansı şəkildə ciddi tənqid ediləcək bir vəziyyət yoxdur. Komanda qarşıya qoyulan hədəfin öhdəsindən böyük ölçüdə gəlib. Özü də bütün mövsümboyu ancaq problemlərlə üzləşməsinə rəğmən. “Kəpəz” barədə mövsümün tamamına fikir versəniz klub ətrafında mənfi söz-söhbətlər, ciddi problemlər yaradıldığını görə bilərsiniz. Ancaq bütün bunların öhdəsindən gəlmək və eyni zamanda komandanı məqsədinə çatdırmaq heç də asan deyil.

Dəfələrlə klubdakı baş məşqçi-oyunçu gərginliyi ölkənin gündəminə çevrilib. Eyni zamanda maliyyə problemləri, digər ifrasturktur çətinliyi və.s. Ancaq bu gün mövcud vəziyyətdə hədəfinə çatmış bir “Kəpəz” varsa, bunda elə ən böyük pay sahibi rəhbərliyin üzərinə düşür. Hansı ki, o rəhbərlik maliyyə problemi yaşanarkən dərhal şəxsi vəsaitindən xərcləyərək komandanı mövcud sıxıntıdan qurtardı. Rəhbərlik nəinki xaosu idarə etməyi bacardı, hətta vəziyyəti müsbət yöndə dəyişə bildi. İndi belə bir vəziyyətdə klubu idarəedənlərə hansı mənfi şüarı səsləndirmək olar? Olarsa da hansı məntiqlə, hansı baxış bucağı ilə?

Bu gün belə “Kəpəz”də inkişaf üçün bir sıra işlər gedir. Sponsor məsələsi ilə bağlı çalışmalar davam edir, stadionunun durumu ilə bağlı yaxın gələcəkdə müəyyən planların həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar məhdud imkanlarla və çətin vəziyyətdə görülməyə cəhd edilən işlərdir. Yuxarıda qeyd etdiyim kimi, ən böyük iş bu məsələdə azarkeşlərə düşür. Kimliyindən asılı olmayaraq, tərəfdarlar hisslərini heç kimə qurban verməməlidir.

Ümumi vəziyyətə daha düzgün baxmaq, doğru analiz etmək mütləqdir. Tərəfdarlar bu klubun gərçək sahibidirlər. Onun üçün addımlarının mütləq komandaya fayda verdiyindən əmin olmalıdırlar. Əks təqdirdə “Kəpəz” üçün ən ciddi zərbəni elə onlar vurarlar. Hazırkı məqamda azrakeşlərin hisslərini, bütün fikirlərini “Kəpəz”in uğurlarına sərf etmələri ən doğru qərar olar. Ən azından hazırkı məqamda bu çox vacib amildir.  

İdmanxeber.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43