“Kəpəz”də çox ağır bir mövsüm keçirdik. Xeyli əziyyətli keçdi. Ancaq yekunda istədiyimizə nail olduq. Əsas vəzifəmiz komandanı Premyer Liqada saxlamaq idi, öhdəsindən gəldik. Bunun üçün kifayət qədər zəhmət verdik. Azərbaycan çempionatında oynamaq heç də asan deyil. Burada mübarizə aparmaq həm çətindi, həm də maraqlı”.
Bu sözləri idmanxeber.az saytına “Kəpəz”dən ayrılan Giorgi Kantariya mövsümü dəyərləndirərkən deyib. Gürcüstanlı futbolçu daha sonra belə davam edib:
“Gəncədə oynayanda durum bir az fərqli olurdu. Matçlar nə qədər çətin olsa da, azarkeşlərimizin dəstəyi sayəsində işimiz asanlaşırdı. Bizə yaxşı güc verirdilər. Ancaq sonra evdən uzaq düşdük və durum dəyişdi. Düzdür, yenə də bizi tək qoymadılar, hər zaman dəstək oldular. Buradan bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm”.
O, “Kəpəz” rəhbərliyi ilə görüşdüyünü və yeni müqavilə təklifini qəbul etmədiyini bildirib. Kantariya karyerası barədə yaxın günlərdə qərar verəcəyini bildirib:
“Kəpəz” rəhbərliyi ilə görüşdüm, mənə yeni sözləşmə təklif edildi. Ancaq qərara gəldik ki, yollarımızı ayıraq. Hazırda Azərbaycanda bir-iki klubla danışıq aparıram. Yaxın günlərdə yekun bir nəticə olacaq”.
O, Tərlan Əhmədovun komandadan ayrılmasına da münasibət bildirib:
“Açığı, mənim üçün gözlənilməz oldu. Gedəcəyini düşünmürdüm. Ancaq unutmayaq ki, həyatda hər şey olur”.
Həsən Quluzadə

