06 İyul 2026
Ölkə futbolu

“Böyük qüvvə ilə irəli atılmışdılar” – Murad Musayev

“Rəqib böyük təcrübəyə malik komandadır”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Serbiyada “Partizan”a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis penaltilər seriyasında uduzduqları üçün təəssüfləndiyini bildirib: “Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlara çıxmaq üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi”.

Musayev əlavə vaxtda sərgilədikləri oyundan razı qaldığını vurğulayıb: “Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. “Partizan”ı növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43