14 İyul 2026
Ölkə futbolu

“Çoxları bizə inanmasa da, hədəfimizə çatacağıq”

“Kəpəz” “Turan Tovuz”la oyundan sonra “Araz Naxçıvan”a da Gəncədə məğlub oldu. Səfərdə “Qarabağ”dan bir xal qazanmağı bacaran “sarı-göylər” bu görüşdə meydanı xalsız tərk etdi. Komandanın gənc üzvlərindən olan Rüfət Əhmədovun oyun barədə fikirlərini öyrəndik. U-21 millimizin üzvü “Kəpəz”in qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyini bildirdi:

– “Araz Naxçıvan”a Gəncədə məğlub oldunuz. Oyunu necə dəyərləndirirsən?

Bizim üçün yaxşı oyun keçmədi. Gözlənilməz məğlubiyyət oldu. Matça yaxşı başlamadıq. İlk hissə özümüzə bənzəmirdik. İki qol buraxdıqdan sonra toparlanmaq çətin olur. İkinci yarı isə nisbətən daha yaxşı oynadıq. İstədiklərimizi həyata keçirə bilirdik. Qol da vurduq. Amma iki qol buraxandan sonra toparlanmaq çox çətin olduğu üçün meydanı xalsız tərk etdik. Mövsüm yenə başlayıb. Bu oyun artıq geridə qaldı, qarşıdakı matçlara baxacağıq. İrəlidə daha yaxşı “Kəpəz” görəcəyik.

– “Turan Tovuz”la evdəki oyuna da yaxşı başlamamışdınız. Həmin matçda da 0:2 geriyə düşdünüz və yekunda məğlub oldunuz. Gəncədə oynamaq sanki üzərinizdə təzyiq yaradır…

Açığı, belə deməzdim. Bizdə hər hansı bir təzyiq yoxdur. Əksinə azarkeşlər bizi hər zaman dəstəkləyir, sona qədər yanımızda olur. Sanki komandada psixoloji problem var. Dediyim kimi, iki sıfır geriyə düşəndən sonra oyunu çevirmək asan deyil. Əlbəttə, geriyə düşdükdən sonra qalib gəlmək də olardı. Hər şey öz əlimizdə idi.

– “Neftçi”ni məğlub edirsiniz, “Qarabağ”dan səfərdə xal alırsınız amma ortabab komandalarla bacarmırsınız. Sanki futbolçular böyük klublara qarşı daha fərqli motivasiya olur…

Biz hər oyuna xal qazanmaq üçün çıxırıq. İstəyirik ki, meydanda yaxşı mübarizə aparaq, xal qazanaq. Futbolda belə hallar olur. “Araz Naxçıvan”a məğlub olub, “Qarabağ”a qarşı qalib gələ bilərsən. Hazırda çempionatda hamı güclüdür. Bütün komandalar iddialıdır və xal üçün meydana çıxır. Özünüz də görürsünüz ki, sürpriz nəticələr çoxdur.

– Milli komandaların oyunu ilə bağlı çempionatda fasilə yarandı. Bunu toparlanmaq üçün fürsət saymaq olar?

Əlbəttə. Fasilə bizim üçün yaxşı oldu. Heyətə yeni qoşulan futbolçular var, onlar komandaya daha yaxşı uyğunlaşacaq. Birlikdə daha çox vaxt keçirəcəyik. Çalışıb bir az daha güclənməliyik.

– “Kəpəz”i Premyer Liqada saxlamağı bacaracaqsınız?

Niyə bacarmırıq ki? Hər şey öz əlimizdədir. Çoxları bizə inanmasa da, hədəfimizə çatacağıq. Komanda olaraq bizdə bu potensial var. Hamı “Kəpəz”in Premyer Liqada qalması üçün əlindən gələni edir və buna inanır.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43