26 Noyabr 2024
Ölkə futbolu

Bölgə klubu AFFA-ya şikayət etdi: “Bu hakim bizə qarşı qərəzlidir”

Azərbaycan I Liqası təmsilçisi “Mingəçevir” klubu “Karvan” görüşünün baş hakimi Rövşən Rəcəbovdan AFFA-ya şikayət edəcək.

Bu barədə İdmanxeber.az saytına Aran təmsilçisinin İdarə Heyətinin sədr müavini Ruslan Həmidov məlumat verib. O bildirib ki, qarşılaşmanın referisi “Mingəçevir” klubuna qarşı qərəzli mövqe sərgiləyib.

Bunun birinci dəfə olmadığını bildirən klub rəsmisi həmin hakimlə bağlı AFFA-nın rəhbəri Rövnəq Abdullayevə, Peşəkar Furbol Liqasının sədri Elxan Səmədova və Hakimlər Komitəsinin rəhbəri Barış Şimşəyə məktub ünvanladıqlarını vurğulayıb:

“Bu artıq birinci dəfə deyil. Rövşən Rəcəbov Region Liqasında, 2022-23 mövsümündə I Divizionda çıxış etdiyimiz dönəmdə də bizə qarşı haqsızlıqlar edib. O, “Mingəçevir”ə qarşı qərəzlidir. Yaranan bütün gərginliyin səbəbkarı baş hakimdir. AFFA-ya məktub yazmışıq ki, onu oyunlarımızda görmək istəmirik”.

Xatırladaq ki, görüş “Karvan” komandasının 4:1 hesablı qələbəsi ilə sona çatıb. “Mingəçevir” oyunu 9 nəfərlə tamamlayıb.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43