30 Noyabr 2024
Ölkə futbolu

Premyer Liqada iki rekord qeydə alındı

Misli Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, üç gün ərzində keçirilən 5 oyunu ümumilikdə 10950 tamaşaçı izləyib.

Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43