Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
İdmanxeber.az xəbər verir ki, “Qəbələ” turun son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Kəpəz”in qonağı olacaq.
Gəncədəki görüş rəqiblərin 25-ci duelidir. İndiyədək baş tutan 24 matçın hamısı Premyer Liqa çərçivəsində keçirilib.
Bu oyunlarda 10 qələbə qazanan “Qəbələ” 8 dəfə meydandan bir xalla ayrılıb. Digər 6 dueldə rəqib qalib gəlib.
“Qırmızı-qaralar” top fərqində də üstündür – 32-21. Son 7 oyunda qol sevinci yaşayan komanda bu görüşlərdə uduzmayıb. Bu matçlarda Baqali Dabo və Filip Ozobiç daha çox – hərəyə 3 qol vurub.
Komandalar 13-cü dəfə “Kəpəz”in meydanında qarşılaşacaq. Əvvəlki 12 oyunda 4 qələbəsi olan “Qəbələ” eyni sayda heç-heçə edib və xalsız qalıb. Rəqib meydanında 16 dəfə fərqlənən futbolçularımız 13 top buraxıblar. Son 4 səfərdə qol vuran “Qəbələ” rəqib meydanından xalsız dönməyib.
Qeyd edək ki, oktyabrın 1-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.

